Süni intellekt tezliklə enerji böhranına səbəb ola bilər

   Süni intellekt tezliklə    enerji böhranına    səbəb ola bilər
  17 Oktyabr 2023    Oxunub:2097
Süni intellekt (Sİ) onu işləyib-hazırlayanlara kodların yazılmasını sürətləndirməyə kömək göstərir, avtomobil sürüscüləri üçün təhlükəsiz idarəetməni təmin edir və gündəlik vəzifələrin yerinə yetirilməsində sərf olunan əməyin həcmini azaldır. Lakin “Digiconomist” şirkətinin yaradıcısı Aleks de Vris “Joule” jurnalına şərhində bu alətin geniş şəkildə istifadə olunacağı təqdirdə, onun bəzi ölkələrdə gələcəkdə elektrik enejisinə tələbatı artıracaq qədər əhəmiyyətli iz qoya biləcəyini söyləyib.
AzVision.az xəbər verir ki, fəlsəfə doktoru və Amsterdam universitetinin elmlər namizədi Aleks de Vrisin fikrincə, süni intellekt xidmətlərinə artan tələbatı nəzərə alsaq, yaxın illərdə süni intellektlə əlaqəli enerji istehlakının əhəmiyyətli dərəcədə artacağı ehtimalı yüksəkdir.

Belə ki, mətn, şəkillər və digər məlumatlar yaratmağa qadir olan generativ Sİ 2022-ci ildən fəal şəkildə inkişaf edir. Belə Sİ-in öyrədilməsi böyük miqdarda məlumat tələb edir ki, bu, da çox enerji sərf edən bir prosesdir.

Nyu-Yorkda süni intellekt sahəsində ixtisaslaşan “Hugging Face” şirkəti onun mətnləri yarada bilən çoxdilli generativ Sİ-nin təlim zamanı təxminən 433 meqavat-saat (MWh) elektrik enerjisi istehlak etdiyini bildirib. Bu isə bir il ərzində 40 orta Amerika evinin elektrik istehlakına bərabərdir. Təlim başa çatdıqdan sonra süni intellektin enerji izi davam edir.

De Vrisin təhlili göstərir ki, “ChatGPT” kimi generativ süni intellekt hər dəfə sorğular əsasında mətn və ya şəkil istehsal etdikdə həm də əhəmiyyətli miqdarda hesablama gücü və buna görə də enerji işlədir. Məsələn, ChatGPT-nin işləməsi gündə 564 MVt/saat elektrik enerjisi istehlakı tələb edə bilər.


Dünyadakı şirkətlərin süni intellekt aparatının və proqram təminatının səmərəliliyini artırmaq üçün onu daha az enerji tutumlu etmək səylərinə baxmayaraq, De Vris qeyd edir ki, maşının səmərəliliyinin artırılması çox vaxt tələbatın artmasını şərtləndirir.

Son nəticədə texnoloji irəliləyişlər ümumi resurs istehlakının artmasına səbəb ola bilər ki, bu da elmdə Ceffons paradoksu kimi tanınır.

“Bu Sİ-lərin səmərəliliyinin və əlçatanlığının artırılması onların daha geniş və daha çox insan tərəfindən istifadəsinə səbəb ola bilər” , - De Vris izah edir.

Məsələn, öz e-poçt xidmətində generativ Sİ tətbiq edən “Google”, onun köməyi ilə axtarış sistemini sınaqdan keçirir. Bu şirkət hazırda gündə 9 milyarda qədər axtarış sorğusunu emal edir.

Bu statistikaya əsaslanan De Vrisin hesablamalarına görə, “Google”da hər bir axtarış Sİ-dən istifadə edərsə, bunun üçün ildə təxminən 29,2 terawatt-saat (TWh) elektrik enerjisi tələb olunacaq ki, bu da İrlandiyanın illik elektrik enerjisi istehlakına bərabərdir.

- Əlavə Sİ serverləri ilə əlaqəli yüksək xərclər və Sİ-in server təchizat zəncirindəki məhdudiyyətlərə görə, yəqin ki, yaxın gələcəkdə bu ekstremal ssenari baş verməyəcək. Bununla belə, yaxın gələcəkdə süni intellekt serverlərinin istehsalının sürətlə artacağı proqnozlaşdırılır”, - De Vris vurğulayıb.

Sİ-in server istehsalı proqnozlarına əsasən, 2027-ci ilə qədər Sİ-lə əlaqəli qlobal elektrik istehlakı ildə 85-134 TWh arta bilər. Bu həcm Hollandiya, Argentina və İsveç kimi ölkələrin illik elektrik istehlakı ilə müqayisə oluna biləcək rəqəm deməkdir.

Üstəlik, Sİ-in səmərəliliyinin artırılması tərtibatçılara Sİ-lə işləmək üçün bəzi kompüter prosessorlarının təyinatını dəyişdirməyə imkan verə və Sİ-lə bağlı enerji istehlakını əlavə olaraq artıra bilər.

“Bu potensial artım Sİ-n tətbiqinə ehtiyatlı yanaşmanın zəruri olduğunu göstərir. Sİ çox enerji işlədir, ona görə də mütləq zərurət olmadığı yerlərdə bundan istifadə etməməliyik” , - De Vris vurğulayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl “Spase X” və “Tesla”, habelə “Apple” kimi yüksək texnologiyalar şirkətlərinin yaradıcıları olan İlon Mask və Stiv Voznyak da Sİ-in inkişafında fasilə götürülməsi barədə açıq məktubla dünya ictimaiyyətinə müraciət ediblər.


Xüsusi nəzarət mexanizmi yaradılmadan Sİ-nin tətbiqinin son nəticədə onun insanlar üzərində nəzarətə yiyələnəcəyindən narahat olan bu şəxslər, etibarlı təhlükəsizlik protokolları imzalanmaya qədər Sİ-n inkişafını dayandırmaq təklifini irəli sürüblər.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: süniintellekt   enerji  





Xəbər lenti