Rusiyanın mövqeyi yeni müharibəyə səbəb ola bilər - Mübariz Əhmədoğlu

   Rusiyanın mövqeyi yeni müharibəyə səbəb ola bilər -    Mübariz Əhmədoğlu
  21 İyul 2023    Oxunub:3404
Rusiyanın Qarabağ azərbaycanlılarının öz doğma yurdlarına qayıtmasının əleyhinə olduğu barədə məlumatlar var. ABŞ Gürcüstan ərazisində Qarabağ azərbaycanlıları ilə Qarabağ ermənilərini görüşdürməyə cəhd edib, amma Rusiya bunun qarşısını alıb. Rusiya Qarabağda ermənilərin tək yaşamasını, saylarının artmasını, hərbi təmayüllü şəxslərin ora köçürülməsini istəyir.
Qarabağ azərbaycanlılarının doğma yurdlarına qayıtmaları hələ ki publik mövzuya çevrilməyib. Bu məsələ rəsmi təmaslarda müzakirə olunur, amma heç kəs ucadan danışmaq istəmir. Ermənilər Qərb ölkələrində casusluq və digər işləri həyata keçirmək üçün Rusiyanın əlində yeganə qüvvədir. Qarabağ erməniləri üzərində indiki siyasəti də bu məqsədə çatmaq üçün qurulub.

Bu vaxta qədər olan bütün beynəlxalq sənədlərdə 1988-ci ildəki ermənilərin və azərbaycanlıların sayı hesablama nöqtəsi kimi qəbul edilib. Rusiyanın cəhdləri sadəcə Qarabağ tənzimlənməsini yubada və ya böyük müharibəyə gətirib çıxara bilər. Moskvanın Qarabağdakı müharibə tədarükü Avropaya keçənə qədər Şimali Qafqaza adlaya bilər. Hazırda Şimali Qafqazdakı vəziyyət əsla ürəkaçan deyil. İstənilən bir ciddi səhv bütövlükdə regionu partlada bilər.
Paşinyan Qarabağdan gedən erməniləri məyus edib

Məsələnin normal həlli Qarabağda qalmaq istəyən ermənilərlə Qarabağ azərbaycanlılarının birgə yaşayışının təşkilidir. Bu kontekstdən baxanda Qarabağ azərbaycanlısının öz doğma yurduna qayıtması regiona təhlükəsizlik, sabitlik, rifah və inkişaf gətirəcək. Bu, Azərbaycana qarşı cinayətlərdə iştirak etməmiş ermənilərə də böyük fayda verəcək.

44 günlük müharibə dövründə dünya erməniləri Qarabağa yardım üçün üçün 170 milyon dollar pul köçürmüşdülər. Bu vəsait Qarabağ ermənilərinə çatmadı. Nikol Paşinyan bunun 109 milyon dollarını Ermənistanın dövlət büdcəsinə keçirdi, qalanını da şəxsi istəkləri istiqamətində xərclədi. İndinin özündə də Ermənistanın anbarınlarda Qarabağın adına gələn 8 milyon dollarlıq məhsullar var. Rusiya Erməniləri İttifaqının Paşinyandan küsülü olmasının əsas səbəblərindən biri də budur. “Taşir” qrupu Qarabağa 50 milyon dollar yardım ayırmışdı. Paşinyanın başındakı dəstə onu da mənimsəyib. Qarabağ erməniləri indi Paşinyan üçün gəlir mənbəyinə çevriliblər. Diaspor erməniləri ayıq olmalı, bu istiqamətə diqqəti artırmalıdırlar.

Qarabağ ermənilərinin Ağdərədə yolunu beton bloklarla bağlamaları göstərir ki, onlar doğrudan da psixoz vəziyyətindədirlər. Həyatları bahasına Paşinyana xidmət göstərmək istəyirlər. Bunun qarşısını almaqdan ötrü Qarabağ ermənilərinin içərisində fəallar – Samvel Babayan, Vitali Balasanyan aktivləşməli, Azərbaycan istiqamətində müəyyən səylər göstərməlidirlər. Onlar hansı quldur erməninin nə ilə məşğul olduğunu çox gözəl bilirlər. Özləri də vaxtilə o yolda olublar. İndi isə əks-fəaliyyət göstərməklə günahlarını müəyyən qədər yuya bilərlər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ   Rusiya  





Xəbər lenti