Mediamızda gender həssaslığı - Necə yazaq ki, mizogen kimi görünməyək?

      Mediamızda gender həssaslığı -    Necə yazaq ki, mizogen kimi görünməyək?
  18 Sentyabr 2023    Oxunub:16728
20 il öncə Azərbaycan mediası deyəndə göz önünə əsasən qəzetlər gəlirdi. O illərdə məqalələrlə bağlı monitorinq aparmaq da asan idi. Ancaq hazırda durum tam fərqlidir.
Məsələn, yazılarda gender həssaslığının qorunmasını müşahidə etmək üçün onlayn nəşrlərdə monitorinq aparmaq elə də asan məsələ deyil. Amma hər gün informasiya məkanında, konkret olaraq media mühitində olduğum üçün əksər saytların, xəbər agentliklərinin, televiziya kanallarının başlıq və toxunduqları həssas mövzulara yanaşma tərzlərini müşahidə edə bilirəm. Qənaətim isə ondan ibarətdir ki, biz hələ də bu istiqamətdə arzuolunan səviyyəyə çatmamışıq. Əlbəttə hazırkı duruma görə həmkarlarımı günahlandırmaq fikrində deyiləm. Sadəcə təmsil olunduğum mediamızdakı boşluqları, konkret olaraq gender həssaslığının qorunmamasına dair tənqidi məqamları demək lazımdır.

“Azərbaycanda gender bərabərliyi tam təmin olunur”
Ümumiyyətlə bu bir təəssüf doğuran faktdır ki, erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri, selektiv abortlar hələ də cəmiyyətimiz üçün ağrılı məsələ olaraq qalmaqdadır. Sadalanan arzuolunmaz problemlərin azalması ilə bağlı əsas yük isə jurnalistlərin də üzərinə düşür. Çünki biz yalnız xəbər daşıyıcısı deyilik, cəmiyyətin maariflənməsində müəllimlər, elm adamları qədər məsuliyyətimiz var.

Bu gün redaktorlara təqdim edilən məqalələrin əksər hallarda əsas mövzusu sosial problemlər olur. Hər kəs çəkdiyi, lentə aldığı, yazdığı xəbər və reportajlarında öz oxucusu, tamaşaçısını həyəcanlandırmağa çalışır. Bu isə bir növ müasir mediada redaksiya siyasətinə çevrilib. Yəni "informasiyanı elə təqdim et ki, oxucu daha çox bizə köklənsin" tezisi indi hər yerdə işləyir. Bəs belə bir ab-havada xəbər və reportajların hazırlanmasında gender həssaslığı daha çox nəzərə alınarmı? Jurnalist ortaya bu istiqamətdə keyfiyyətli yazı qoya bilərmi?

Hadisəni kriminal filmin sujeti kimi təqdim etməyin fəsadları

Hər il media nümayəndələri üçün gender problemləri və həssaslığı ilə bağlı təlimlər keçirilməsinə baxmayaraq, hələ də qəzetlər, onlayn nəşrlər, radio və televiziyada gender stereotipləri və diskriminasiyaya yol verilməsinə rast gəlirik. Ən çox narahatlıq doğuran məqam isə tez-tez başlıqlarda qadın amilinin arzuolunmaz şəkildə önə çəkilməsidir.


Məsələn, minlərlə oxucusu olan məşhur saytlarımızın kriminal xəbər siyahısına nəzər salsaq “Arvadını qısqanclıq zəminində ( və ya xəyanətə görə ) qətlə yetirdi” kimi başlıqlara daha çox rast gələrik. Halbuki, bu informasiya "emal olunaraq" sadəcə “Filan yerdə qətl hadisəsi törədilib” kimi də təqdim oluna bilərdi. Yəni biz bu kateqoriyadan olan xəbərlərdə əsas vurğunu insan taleyinə son qoyulmasına yönəltməliyik. Başlıqda qatilin bəlkə də özünə haqq qazandırmaq üçün uydurduğu hansısa hekayəni, səbəbi qabartmamalıyıq. Əks təqdirdə belə təqdimatla tərəf tutmaq, qurbanını əsassız yerə xəyanətdə ittiham edib cinayət törədən şəxsə haqq qazandırmaq cəhdi yaranır. Hətta hadisə ilə bağlı xəyanətə dair fotofakt, konkret dəlil olsa belə, məsələyə daha həssas yanaşılmalıdır. Biz hansısa kriminal filmin sujetini təqdim etmirik, xəbər daşıyıcısı olaraq baş vermiş faciəni olduğu kimi cəmiyyətə sağlam şəkildə çatdırırıq. Cinayətin detallarını hüquq-mühafizə orqanları ayırd edib nəyin səhih məlumat, nəyin isə uydurulmuş xəyanət nağılı olduğunu təsdiqləməlidirlər.

Oxucular yazını açmamışdan öncə başlıq və şəkili görürlər. Seksist, ayrı-seçkilik yaradan görüntü və başlıqlı xəbərlər təbii ki, kütlənin aktiv şəkildə istifadə etdiyi sosial şəbəkələrdə də geniş şəkildə paylaşılaraq qızğın müzakirələrə səbəb olur. Hətta adi məişət xarakterli xəbəri belə dramatikləşdirməklə insanlar arasında ziddiyyətli fikirlərin yaranmasına səbəb oluruq.

Ən dəhşətlisi isə odur ki, qıcıqlandırıcı, arzuolunmaz klikbeyt başlıqları oxuyaraq qadın zorakılığına yol verənləri dəstəkləyən oxucular da olur... Təəssüf ki, yüzlərlə, minlərlə izləyicisi olan jurnalistlər özləri də istəmədən, mövzuya həssas yanaşmadan beləcə cəmiyyətdə qadınlara qarşı mənfi rəy formalaşdırırlar.

Sanki “gender bərabərliyi milli dəyərlərə ziddir" tezisini təbliğ edirik

Əlbəttə əsasən kriminal xəbərlərdə rast gəlinən naşılığa belə haqq qazandırıla bilər ki, adətən bu, peşə hazırlığı, təcrübəsi, gender həssaslığından xəbəri olmayan jurnalistlər üçün xarakterik olur.

Amma bu gün mediamızda haqqında söz açılan mövzu ilə bağlı neqativ hallar təkcə mətnlərə, başlıqlara, insanların kimliyi haqqında məlumatların konfidensiallığının qorunmamasına aid edilmir. Problem video reportajlardakı görüntülər, məqalələrə aid seçilən fotolarda da özünü büruzə verir. Təəssüf ki, jurnalistlərlə yanaşı xəbərin, saytda dərc olunan məqalənin formasına məsul olan redaktorlar da gender mövzularında həssaslıq nümayiş etdirmirlər. Nəticədə bu gün ən çox oxunan onlayn nəşrlərdə başlıqlar, mətnlərlə yanaşı istifadə edilən şəkillər belə mizogeniya xarakterli olur.



Əlbəttə informasiyanı təqdim edəndə patriarxal dəyərlərin təbliği, qadınlar və qızlar haqqında stereotiplərin yayılmasına yol veririksə, elə görüntü yaranır ki, sanki biz “gender bərabərliyi milli dəyərlərə ziddir" tezisini təbliğ edirik. Bu həm də o anlama gəlir ki, mediada gender anlayışı olsa da, gender həssaslığı praktiki olaraq az görünür.

O da təəssüf doğuran haldır ki, başlıqda bir qadınının öldürülməsinin hansısa barın qarşısında baş verməsini təqdim etməklə yanaşı, yazının içində onun qətli ilə bağlı ittiham xarakterli ifadələrə yol verənlər də olur. “Niyə özü onunla əlaqə saxladı? Niyə ərinin əlində bıçaq olduğunu bilə-bilə onunla getdi? Barın qarşısında öldürülməsi bir sıra şübhələrə yol açır” və s. cümlələr heç bir etik çərçivəyə sığmır...

Bundan başqa, bəzən müəllif “Deyilənə görə, ( yaxud, şahidlərin sözlərinə görə ) əri tərəfindən qətlə yetirilən qadının valideynləri onun illər öncə bu oğlanla izdivacına qarşı olub” kimi oxucuya təsir edici cümlələrdən istifadə edir. Yəni, məqalədə konkret valideynin mövqeyini əks etdirən faktın olmaması bir yana, sanki dolayısı yolla “ana-ataya qulaq asmayan qızın sonu belə olar” mesajı verilir.

Bütün xəbər saytlarının, ümumilikdə onlayn medianın məsələlərə eyni prizmadan baxdığını da demək olmaz. Yazılarda gender həssaslığı göstəriciləri indi keçmişlə müqayisədə daha da yaxşılaşır. Əvvəllər tez-tez adi xəbər təqdimatında belə, cinsiyyətə görə aydın fərq qoyulurdu. Məsələn, yol-nəqliyyat hadisəsi ilə bağlı çoxsaylı materiallarda avtomobilin qadın tərəfindən idarə olunması, biznes və ya siyasi fəaliyyətlərə dair yazılarda "qadın olmasına baxmayaraq" ifadələri qabarıq şəkildə işlədilirdi. Bununla belə, mediada qadınlarla bağlı stereotiplər hələ də qalmaqdadır.

Təlimlər öz sözünü deyir, həssas mövzularda klikbeytlərdən qaçmaq lazımdır

Bir müddət öncə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi media təmsilçiləri və blogerlər üçün ”Mediada gender həssaslığının artırılması” mövzusunda təlim təşkil etdi. Bu, hər iki təşkilatın məlum mövzuda ilk təlimi deyildi. Əlbəttə gender məsələlərinə dair təlimlər redaksiyalara, ayrı-ayrı jurnalistlərin gündəlik fəaliyyətlərinə öz təsirini göstərir. Amma bu da danılmaz faktdır ki, belə tədbirlərin bütün jurnalistləri əhatə etməsi mümkün deyil. Bunun üçün heç kifayət qədər vəsait də tapılmaz.

Təbii ki, media nümayəndələri üçün təlimlər, seminarların keçirilməsi alqışlanmalıdır. Düzünü desəm, şəxsən mən builki təlimdə öyrəndiklərimdən sonra gender məsələlərinə qarşı həssas yanaşıram. Ən azından çalışıram ki, yazılarımda oxucular gender həssaslığını qoruduğumu görsünlər, qüsurlu başlıqlarla, klikbeytlə üzləşməsinlər. Həmçinin, nəinki qadınlara, uşaqlara dair məqalələrin hazırlanması, zorakılıqla bağlı faktların necə işıqlandırılması istiqamətində də çox şey qavradım. Düşünürəm ki, təlimçilərin məsləhətləri, onların təcrübələrindən qaynaqlanan hadisə və nümunələrin təqdimatı gələcək peşə fəaliyyətimdə mənə yardım edəcək. Amma yaxşı olardı ki, gender məsələlərini, mövzuya düzgün yanaşmanı hələ jurnalist olmamışdan əvvəl, illər öncə tədris ocaqlarında da öyrənərdik.



Bir məqamı da qeyd edim ki, gender bərabərliyi məsələsi, mövzuya həssas münasibət kollektivdəki mühitdən də qaynaqlana bilər. Əgər rəhbər şəxslər bu məsələyə redaksiya daxilində, kollektivdə arzuolunan şəkildə yanaşmırlarsa, o zaman dərc olunan məqalələrdə hansısa gender həssaslığının artırılmasından söz gedə bilməz. Çünki hələ də bizim sahəmizdə, iş proseslərində belə qadın kişi bərabərliyini pozanlar var. Bəzən qadınlara münasibətin heç də kişilərlə eyni olduğunu görmürük. Məsələn, təcrübəli kişi jurnalistlər və ya redaktorlar qızları gündəlik planlaşdırmalarda, əsas işlərdə ikinci plana atırlar. Bundan başqa, redaktorlar işə yeni başlayan həmcinslərinə yanlış və anormal bənzətmələrlə müraciətlər də edirlər. Məsələn, “Sən hər yerə başını soxaraq xəbər tapmağı bacarmalı, ora-bura qaçmalı, kişi kimi olmalısan”. Yeri gəlmişkən, bu da ayrıca geniş müzakirə olunacaq mövzudur ki, cəmiyyətimizdə bəzi qadınlar haqqında "kişi kimidir", "kişi mərdliyi var" ifadələri işlədilir. Sanki mərdlik yalnız kişilərə məxsusdur, əgər qadında bu xüsusiyyət varsa, deməli kişi kimi qadındır...

Bəzi redaktorlar hətta qadın jurnalistlərin hüquqları onlar xəstə olanda və ya hamiləlik dövründə belə pozurlar. Bu da azmış kimi xaricə ezamiyyətlər zamanı tədbirlərə yalnız kişilər göndərilir, qadın jurnalistlər "uzun səfərlər sənlik deyil", "sən bacarmazsan" cavabları alaraq əsasən ölkə və ya paytaxt daxilindəki tədbirlərə cəlb edilirlər. Qəribə səslənsə də, bəlkə bu səbəbdəndir ki, əksər seminarlar, təlimlərdən sonra mükafatları əsasən kişi jurnalistlərin aldığını görürük.

Belə hallar da olur ki, rəhbər şəxslər gender təlimlərində maariflənmiş jurnalistə onun öyrəndiyi, əldə etdiyi biliklərdən istifadə etməyə imkan vermirlər. “Efirdə, məqalədə filan terminləri işlətməyin”, “siyasi mövzusudursa, filan kişi ekspert daha yaxşı danışar, onu qonaq çağırın”, “Məmməd bizim sponsorumuzdur və ya reklam verənimizdir, onu təbliğ etməliyik” kimi tələblər bizə yad deyil. Halbuki, ekspert seçimində hansısa cinsə üstünlük verilməməlidir. Qadınların arxa plana keçirilməsi heç də xoş görüntü yaratmır. Bu gün müxtəlif sahələrdə uğurla çalışan və kifayət qədər aktiv olan xanımlarımız, qadın ekspertlər, elm və iş adamları var. Bəlkə də ayrı-seçkiliyin özü belə daşlaşmış stereotiplərin qalmasından qaynaqlanır... İçi mən qarışıq jurnalistlər ekspert siyahılarını təzələsək, bu istiqamətdə öz töhfələrimizi vermiş olarıq.

Bir sözlə, redaksiya daxili qeyri-sağlam mühit də düzəlməlidir ki, genderlə bağlı təlimdən keçən media nümayəndələri sertifikatlarını götürəndə “Yaxşı şeylər öyrəndim, indi isə seksist, qeyri-bərabər iş həyatımıza qayıdaq” deməsinlər.

Amma mən pozitiv düşünürəm. Zənnimcə, həmkarlarımın audio-vizual, çap və onlayn mediada hazırladığı obyektiv, peşəkar, gender həssaslığının qorunduğu materiallar ilə bu ayırıcı patriarxal dəyərləri dəyişə bilərik. Gender bərabərliyini istəyiriksə, birinci özümüzdən başlamalıyıq...

Tural Tağıyev
AzVision.az


Teqlər:   Gender-Bərabərliyi   Media   Qadın   Məqalə  





Xəbər lenti