Həkəridə batan erməni təkəri – Ədalət Verdiyevin yazısı

// Bayrağımız bir az da qabaqda dalğalanacaq!

      Həkəridə batan erməni təkəri    – Ədalət Verdiyevin yazısı
  16 İyun 2023    Oxunub:4889
Laçında Sərhəd-Keçid Məntəqəsinin yaradılmasından sonra Ermənistan tərəfi həm sərhəddə, həm də rusların nəzarətində olan ərazilərdə təxribatları intensivləşdirib. Bunda məqsəd nədir? Ermənistan nəyə nail olmaq istəyir?
“Dəmir çırtma”

Bu ilin aprelin 23-də Azərbaycan Laçının Minkənd yaşayış məntəqəsi ərazisində müasir tələblərə cavab verən SKM qurdu. Bununla da rus kontingentin xidmət etdiyi ərazilərə arzuedilməz şəxslərin keçməsinin və qanunsuz yüklərin daşınmasının qarşısı alındı. Üstəlik, Xankəndidəki qanunsuz rejimin fəaliyyəti məhdudlaşdırıldı, yerli erməni əhalinin Azərbaycan dövlətinə inteqrasiyasına şərait yarandı.

Təbii ki, Laçın SKM-in fəaliyyəti Qarabağda uzun müddət mövcudluğunu qorumağa çalışan Rusiyanın kommunikasiyalara nəzarət etmək niyyəti ilə kəsişir. Fransanın Qarabağdakı hər neqativə görə daim Azərbaycanı günahladırmasına alışdığımız üçün Parisdən fərqli reaksiya gözləyə bilməzdik. Ermənistanın da vəziyyəti aydındır. Lakin hər 3 tərəf Azərbaycanın SKM yaratmaq qərarına qarşı çıxmaq üçün yetərli mexanizmlərə malik olmadıqlarından, bu qərarla tam və ya qismən barışmalı oldular.

Beləliklə Azərbaycan kənar qüvvələrin Qarabağa təsir imkanlarını neytrallaşdırmaq istiqamətində uğurlu bir addım atdı. Amma bu gün hamıdan imdad istəyən “sülh dilənçisi” Ermənistanı idarə edən qüvvələr Qarabağdakı erməni əhalinin Azərbaycan dövlətinə inteqrasiyasına qısqanclıqla yanaşdılar. Ermənistanı qızışdıran qüvvələrin sayəsində iş o yerə çatıb ki, bu gün artıq erməni ordusu rus kontingentinin şəxsi heyətinə atəş açır! Bu faktdır və görüntüləri də Ermənistan mediası özü paylaşıb.

Məsələnin mahiyyətindən xəbəri olmayanlar üçün qısaca xatırladım. 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın sərhəd-buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Elşən Rüstəmov yaralandı. Erməni tərəfinin silahlı təxribatı Bayrağımızın qaldırılması prosesinə maneə yarada bilmədi. Əksinə, düşmən biri yaralı, ikisi ölü olmaqla 3 nəfər itirdi, həm də sərhədçimizə atəş açılan mövqeyi DSX darmadağın etdi.

Gizir Rustəmov digər sərhədçilərimizin və rus kontingentindən olan heyətin iştirakı Həkəri çayı üzərindəki körpünün əks tərəfindəki başlanğıcında Azərbaycanın dövlət bayrağını quraşdırarkən erməni tərəfinin snayper silahından açılan atəş nəticəsində yaralanıb. Bu körpünün Azərbaycan ərazisində yerləşməsi şübhəsizdir, onun inşasını da Azərbaycan tərəfi müharibədən sonra həyata keçirib.

Dəmir suallar

Əsgərimizə qarşı törədilən təxribata Ermənistan tərəfdə müxtəlif şəkildə don geyindirməyə çalışanlara bir neçə sualım var:

• Əgər körpü Azərbaycan ərazisində deyilsə, rus kontingent nəyə görə prosesi müşayiət edirdi?

• Rusların fəaliyyətindən narazılıq varsa, niyə Ermənistanın xarici işlər nazirliyi rəsmi olaraq bunu bəyan etmir? Ermənistanın XİN-dən verilən son bəyanat “xalaxətri qalmasın” süslubunda bir qaralama idi.

• Əgər bu ərazini Ermənistan özününkü sayırsa, Azərbaycan körpünü inşa edəndə İrəvan niyə buna etiraz bildirmirdi? Bakı körpüdən sonrakı yolun inşasını təklif edəndə İrəvanın buna qəti etirazını yaxşı xatırlayırıq.

• Əgər sərhəd körpünün Bayraq qaldırdığımız hissəsindən keçirdisə, niyə burada indiyə qədər erməni hərbçilər və erməni bayrağı yerləşmirdi?

Azərbaycan XİN xatırladıb ki, suveren ərazimizdə nəzarət-buraxılış məntəqəsi qurmağımıza Ermənistan tərəfinin hər hansı müdaxiləsi ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır. Elə isə, Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın məqsədi nədir? İrəvan niyə sərhəd-buraxılış məntəqəsindən hamının, o cümlədən, Qarabağ ermənilərinin təhlükəsiz və sərbəst şəkildə istifadəsinə əngəl törətməyə çalışır?

Dəmir cizgi

Erməni mediasında yazılanlardan belə çıxır ki, İrəvanda xəritədən anlayışı olan bir kartoqraf tapılmır. Məncə, hətta kartoqraflar tapılsa da, erməni zehniyyəti şərti sərhədin Həkəri çayının yatağı ilə keçmədiyini görməyə və bu həqiqəti beyni yuyulmuş insanlara izah etməyə imkan vermir.


Kartoqraflar yaxı bilirlər ki, sovet Baş Qərargahının xəritələrində Azərbaycan-Ermənistan şərti sərhədi bu ərazidə Həkəri çayının qərb (sağ) sahilinin təxminən 20-30 metrliyindən keçir. Başqa sözlə desək, Azərbaycan Bayrağının indi olduğu nöqtə delimitasiya nəticəsində təxminən 30 metr, bəlkə də daha çox Ermənistana tərəf yerini dəyişəcək. Rus kontingentinin Bayrağımızın qaldırılmasına mane olmaması da məhz bununla bağlıdır.

Laçın postu bağlanan kimi dərhal Qarabağda “ərzaq çatışmazlığından”, “səhiyyə problemlərindən” danışmağa başlayıblar. Erməni mediasının növbəti dəfə “humanitar fəlakət” hay-küyü gözlənilən idi. İstənilən halda Ermənistan tərəfi qismən istədiyinə nail olub və hazırda Laçın SKM istintaq səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Azərbaycan tərəfi Ermənistanın törətdiyi təxribatlar üzündən Qarabağda çarəsiz qalan erməni əhalinin ərzaq və digər, o cümlədən, tibbi təminatını qarşılaya bilər. Onsuz da gec-tez bu məsələləri rəsmi Bakı həyata keçirəcək. Məsələn, xəstə erməniləri Xankəndi-Laçın-Gorus-İrəvan marşrutu üzrə 450 km daşımaq əvəzinə, cəmisi 14 km aralıda yerləşən Şuşa şəhərindəki tibb mərkəzlərimizdə müalicə edə bilərik. Şuşada artıq 3-cü ildir ki, həm Azərbaycan Könüllü Həkimlər Assosasiyasının klinikası, həm modul tipli xəstəxanada, həm də Müdafiə Nazirliyinin səyyar hospitalı fəaliyyət göstərir. Zərurət yaranarsa, Füzuli Rayon Mərkəzi Xəstəxanası da tibbi proseslərdə iştirak edə bilər. Sağlamlıq problemləri olan erməni vətəndaşlarımızın inteqrasiya prosesi çərçivəsində Azərbaycanda müalicəsinə başlaya bilərik.

Dəmir susqunluq

Rusiyanın Müdafiə Nazirliyi sərhədçilərimizlə bərabər RSK-nın bir neçə hərbi qulluqçusunun da erməni atəşinə məruz qaldığı təxribat ilə bağlı hələ səsini çıxarmayıb. Görünür, Lentsov və onu Qarabağa göndərən Şoyqu kuryer xidməti göstərdikləri ermənilərin növbəti nankorluğunu izah etmək üçün uyğun ifadələr tapa bilmirlər. Rus kontingentin yerləşdiyi kazarmanın bir neçə kilometrliyindəki Xankəndində Putini “zindana salan” erməni naşükürlüyünə don geyindirmək də asan deyil. İndiki vəziyyətdə rus komandirlərə Qarabağda əldə etdikləri 5-10 dollara görə gözükölgəli yaşamaq çox ağır olmalıdır.

Lentsov anlamalıdır ki, erməni silahlılarının Qarabağdan uzaqlaşdırılması mütləqdir, əks halda buna Bakının yenidən güc tətbiqi üçün alternativsiz variant kimi baxıla bilər. Əgər Rusiya ona aidiyyəti olmayan Ukrayna ərazisində özünə qarşı təhdid axtara bilirsə, o zaman Azərbaycan niyə suveren ərazisində mövcud olan və Əsgərimizin həyatına qəsd edən silahlılara, həm də onları dəstəkləyənlərə qarşı təmkinlə davranmalıdır?

Ermənistan tərəfi isə əsassız bəyanatları kənara qoymalı, təxribatlara son verməli, sülh sazişi üzrə səmimi danışıqlara başlamalı, Zəngəzur dəhlizi də daxil olmaqla bölgədəki bütün kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə yanaşmalı, silahlılarını Azərbaycan ərazilərindən tam çıxarmalıdır. Başqa sözlə desək, üçtərəfli birgə Bəyanatdan irəli gələn bütün öhdəliklərinə əməl etməlidir. Əks halda səbri tükənən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törətdiyi təxribatlar münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər. Bu isə məzlum və məğlub erməni xalqı üçün yaxşı heç nə vəd etmir.

P.S. Yeri gəlmişkən, Ermənistan Laçın SKM-də törətdiyi təxribata görə Azərbaycandan hələ də üzr istəməyib.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ   Sərhəd   Təxribat  





Xəbər lenti