Büdcədə neftin qiymətinə toxunmasaq yaxşıdır - Pərviz Heydərovun şərhi

   Büdcədə neftin qiymətinə toxunmasaq yaxşıdır -    Pərviz Heydərovun şərhi
  28 May 2023    Oxunub:5164
Cari ilin dövlət büdcəsinə ediləcək dəyişikliklər sırasında neftin qiymətinin necə müəyyən olunacağı maraq doğurur. Maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsində neftin qiymətində dəyişikliklərin edilməsi üçün əsaslar var. Söhbət il başlanandan bəri neftin satışından büdcədə fiksə edilən qiymətdən artıq gəlirin əldə olunmasıdır.
Bu il dövlət büdcəmizdə xam neftin 1 barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülüb. Cari ilin əvvəlindən isə qiymətlər gah 80 dolların üstündə, gah da altında oynayır. Yeri gəlmişkən, neftin orta illik ixrac qiyməti keçən ilin dövlət büdcəsində də 50 ABŞ dolları səviyyəsində götürülmüşdü. Lakin iyunda büdcə proqnozlarının dürüstləşdirilməsi zamanı 85 dollara qaldırıldı. Bəs, bu dəfə necə? Büdcəyə dəyişikliklər zamanı qiymət qaldırılacaq, yoxsa azaldılacaq?!

Fikrimcə, qiymət səviyyəsinə toxunulmasa yaxşıdır. Hazırda neftin dünya bazar qiymətləri 80 ABŞ dollarından aşağıdır. Söhbət "Azeri Light" markalı neftdən gedir. Onun ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu rəqəmlərin nə vaxtsa yenidən qeydə alınacığı gözlənilən deyil. Lakin...

Neftin dünya bazar qiymətləri bizim üçün hələ də əsas faktor rolunda çıxış edir. Hər il gəlir və xərclərimiz bunun əsasında təşəkkül tapır. Hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə, beynəlxalq bazarlarda neftin 1 barelinin orta illik ixrac qiymətinə dair proqnoz göstərici əsas götürülür.

Yeri gəlmişkən, 2023-cü ilin dövlət büdcəsinin 53%-ni neft-qaz sektoruna aid gəlirlər təşkil edəcək. Büdcəyə ÜDM-in 29%-nə bərabər 30 milyard 720 milyon 700 min manat mədaxilin 16 milyard 297 milyon manatını, yəni 53%-ni neft-qaz, yerdə qalan 14 milyard 423 milyon 700 min manatını - 47%-ni isə qeyri-neft-qaz sektorundan daxilolmalar təmin etməlidir. Neft-qaz sektorundan daxilolmaların 11 milyard 280 milyon manatını - 69,2%-ni Dövlət Neft Fondundan transfert, 5 milyard 17 milyon manatını - 30,8%-ni isə vergi orqanları tərəfindən sözügedən sektorda çalışan şirkətlərin öhdəliklərindən əldə olunacaq mədaxil təşkil edəcək.

Müəllifin digər yazıları:
“Günay Bank” niyə bağlandı və bunun ardı gələ bilərmi – TƏHLİL
Dünya iqtisadiyyatının “şəkəri qalxıb” – TƏHLİL
Neft hasılatımız azalır: Qeyri-neft sürətlənməlidir – TƏHLİL
“Xatalı” inflyasiya: Cilovlanıb, amma kəndiri qıra bilər – TƏHLİL

Göründüyü kimi, dövlət gəlirlərimizin neft və qazdan asılılığı davam edir. Bu, uzun müddət belə olacaq. Odur ki, beynəlxalq bazarlarda neftin 1 barelinin orta illik ixrac qiymətinə dair proqnoz göstəricisinə toxunmağa dəyməz. Dünya bazarlarında xam neft hələ 80 ABŞ dollarının altında oynadığı halda OPEC+ ölkələri ötən ayın əvvəlində hasilatı əlavə olaraq azaltmaq qərarına gəlsələr də, belə görünür, qlobal iqtisadiyyatda vəziyyətlə əlaqədar qiymətlər 80 dolların üstünə qalxmayacaq. Yəni neftin büdcədə fiksə edilən qiymət səviyyəsinə dəyməyə lüzum yoxdur. Ancaq gözlənilən budur ki, dürüstləşdirmə zamanı neftin büdcədə təsbit edilən qiyməti nisbətən artırıla bilər. Hesab edirəm, bu, düzgün qərar olmayacaq.

İlin ilk rübü ərzində dövlət büdcəsinin neft sektoru üzrə daxilolmaları 3 milyard 860 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 4 milyard 17 milyon 400 min manat və ya 9,8% az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 1 milyard 2 milyon 44,0 miin manat az vəsait daxil olub), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 5 milyar 45 milyon 500 min manat və ya 16,5% çoxdur. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmaların 59,2%-i və ya 2 milyard 284 milyon manatı vergi, 40,8%-i və ya 1 milyar 576 milyon manatı Neft Fondundan transfert təşkil edib.

Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7%-ni və ya 1 milyard 545 milyon 700 min manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 22,5% və ya 5 milyard 13 milyon 100 min manatnı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,8% və ya 225,2 milyon manatını isə ABƏŞ-in mənfəət vergisi təmin edib.

Ümumiyyətlə, dövlət büdcəsinin neft-qaz sektorundan asılılığını azaltmaq tendensiyasına uyğun olaraq, neftin orta illik ixrac qiymətini nəinki ilin ortasında dəyişmək, qarşıdakı 3 il üçün də 50 ABŞ dolları səviyyəsində götürmək optimal variant sayılır. Büdcə və vergi ilə oynamaq olmaz.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün




Teqlər:





Xəbər lenti