“Şimal-Cənub” dəhlizinin əhəmiyyəti niyə qəfildən artdı – Müsahibə

   “Şimal-Cənub” dəhlizinin əhəmiyyəti niyə qəfildən artdı –    Müsahibə
  26 May 2023    Oxunub:4024
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiyanın hələ 2000-ci ildə başladığı uzunmüddətli layihədir. Əvvəlcə Rusiya Avropa ilə Hindistan arasında artan ticarətdə öz əlverişli geoiqtisadi mövqeyindən istifadə edərək, tranzit ölkə statusu qazanmağa çalışırdı. Amma tezliklə vəziyyət və planlar dəyişdi...
Bu sözləri AzVision.az -a müsahibəsində iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko deyib.
- Tezliklə məlum oldu ki,- professor fikirlərinə davam edib,- Avropa ilə Hindistan arasında ticarətin həcmi artmır və tərəflər ticarət üçün yeni irimiqyaslı nəqliyyat və logistika marşrutu yaratmağa ehtiyac duymurlar. 2014-cü ildə isə sanksiya müharibəsi başladı və Rusiyanın əksər Avropa dövlətləri ilə ticarəti məhdudlaşdırıldı. Bundan sonra “Şimal-Cənub” marşrutunun şimal hissəsində istənilən tranzit elementindən tamamilə imtina edilməli idi.

- Niyə bu layihə indi Rusiya üçün əhəmiyyət kəsb edib?
- İndi bu dəhlizin Azərbaycan və İranla sürətlə artan ticarət həcminə xidmət göstərməsi Rusiyaya vacibdir. Pandemiya başa çatdıqdan sonra Bakı ilə Moskva arasında ikitərəfli iqtisadi əlaqələrdə artım müşahidə olunub. Dövlətlərimizin sərhədində və ona bitişik ərazilərdə o qədər də keyfiyyətli olmayan nəqliyyat infrastrukturu ticarət dövriyyəsinin artmasına mane olur.
Bu il İran ŞƏT-in tamhüquqlu üzvü oldu. Bu təşkilat çərçivəsində iştirakçı ölkələr arasında ticarətin miqyasının artırılmasına yönəlik inteqrasiya layihələri həyata keçirilir ki, bu da yaxın onillikdə Rusiya və İran arasında ticarətin davamlı artımını təmin edir. 2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlaması Hindistan ilə ticarət dövriyyəsinin gözlənilmədən kəskin artımına səbəb oldu. Mineral xammal və gübrələrin Rusiyadan bu ölkəyə çatdırılması əsasən dəniz yolu ilə həyata keçirilsə də, sənaye və kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü hələ də optimal marşrutları axtarır. Transqafqaz yolu onlar üçün əsas yol ola bilər. Rusiyanın “Şərqə tərəf dönməsi” şəraitində Türkiyə, Yaxın Şərq və Fars körfəzi dövlətlərinin onun iqtisadiyyatı üçün üçün əhəmiyyəti artır.
Rusiya Şimal-Cənub dəhlizinin gələcəyini Cənubi Qafqaz ölkələri və planetin digər regionları ilə qarşılıqlı ticari-iqtisadi fəaliyyətin əsas marşrutlarından biri kimi görür.

- Layihənin reallaşdırılması üçün nə tələb olunur?
Layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərdən yolların, körpülərin, dəmir yolu xətlərinin, nəqliyyat qovşaqlarının, yanacaqdoldurma məntəqələrinin, gömrük keçidlərinin, mehmanxanaların tikintisində, habelə mütəxəssislərin hazırlanmasında və kompüter proqramlarının inteqrasiyasında fəal iştirakı tələb olunur. BND-nin keçdiyi zonada bütün bu genişmiqyaslı fəaliyyət yalnız sülh və sabitlik şəraitində uğurlu ola bilər.
Hələlik arzu olunan sabitlik tam təmin olunmaqdan uzaqdır, ona görə də, Rusiya onun üçün mühüm layihənin həyata keçirilməsi planlarını daim cilovlamaq məcburiyyətindədir. Ötən illə bu ilin qovşağında Azərbaycan və İran arasında dövlətlərarası münasibətlərin kəskin şəkildə pisləşməsi ilə üzləşən Rusiya bu gün təcili olaraq İrana və Xəzər dənizinin şərq sahili ilə Hind okeanına gedən alternativ marşrutu nəzərdən keçirməyə məcburdur. O, Transqafqazdan daha uzundur və bu marşrut boyunca magistral yolların keyfiyyəti nisbətən aşağıdır. Amma digər tərəfdən, Qazaxıstan və Türkmənistandan keçən marşrut çərçivəsində xammal və sənaye mallarının daşınması üçün artıq dəmir yolu xətti mövcuddur. Belə bir xətt İranın Azərbaycanla həmsərhəd rayonlarında yoxdur. Buna görə də, "Şimal-Cənub BND-nin şərq marşrutu"nun potensialı sürətlə əhəmiyyətli həcmlərə çatdırıla bilər.
İdealda Rusiya malların Xəzər dənizinin qərb və şərq sahilləri ilə daşınması üçün hər iki variantın mövcud olmasını təmin etməyə çalışır: həm malların tranzitini, həm də Azərbaycan, Qazaxıstan, Türkmənistanın Rusiya və Aİİ-nin digər dövlətləri ilə ticarətinin genişləndirilməsini.

- “Şimal-Cənub” layihəsinin tam işə düşməsindən Azərbaycan, İran və Rusiya nə qazanacaq?
- Azərbaycan, İran və Rusiyanın bu layihədən alacaqları əsas fayda onların iqtisadiyyatlarının beynəlxalq bazarla əlaqələrinin yaxşılaşdırılması, məhsulun maya dəyərində nəqliyyat xərclərinin payının azaldılması və onun rəqabət qabiliyyətinin artırılması ilə bağlıdır. Nəqliyyat əməkdaşlığının yan təsirləri - beynəlxalq ticarətin daha da artması, müsbət qarşılıqlı asılılığın güclənməsi və regionda strateji sabitliyin möhkəmlənməsi üçün şərait yaradılması da az əhəmiyyət kəsb etmir.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Şimal-Cənub  





Xəbər lenti