Azərbaycanda ən yaxşı telekanal hansıdır? - SORĞU

Azərbaycanda ən yaxşı telekanal hansıdır? - SORĞU
  27 May 2014    Oxunub:5561
“Azərbaycanda yaxşı telekanal yoxdur”

“Axrıncı dəfə televiziyaya baxdığım yadıma gəlmir”


AzVision.az növbəti dəfə jurnalistlər arasında sorğu keçirib. Bu dəfə yazılı media mənsubları telekanallarda çalışan həmkarlarının işinə qiymət veriblər. Qəzet və onlayn mediada söz sahibi olan qələm sahibləri nədənsə TV-lərin işində narazı görünürlər. Onlardan bəziləri yerli telekanalları nəinki izləyir, hətta adlarını belə xatırlamaqda çətinlik çəkirlər...

Soğumuz belədir: “Azərbaycanın ən yaxşı telekanalı hansıdır?”

“Yerli kanallar adam öldürməyi öyrədirlər”

“Publika.az” saytının siyasət yazarı Asif Nərimanlı telekanalların səviyyəsiz olduğunu deyir: “Azərbaycan telekanallarının veriliş təsnifatı belədir: səhər tezdəndən günortaya qədər mətbəx verilişləri. Bu verilişlərdə ancaq yeməkdən danışırlar, çox səviyyəsiz, günorta bir neçə saat həkim məsləhəti kimi mənasız verilişlər, günün ikinci yarısından axşama kimi gəlin-qaynana davaları -“qaynanam mənə yeməyi belə bişir dedi, mən də evi tərk etdim, ərim məni gəzməyə aparmadı, intihar etmək istədim kimi səviyyəsiz söhbətlər. Axşam gələndə “Səni axtarıram” kimi, sonra “Elgizli axşamlar” kimi ağlamalı-gülməli verilişlər, gece yarısı da kriminalda "necə adam öldürməyi" öyrədirlər. Bu təsnifatda bir qədər fərqli olan xəbərlərdir, ona da mən baxmıram. Çünki həmin xəbərləri, yazıları gün ərzində işdə hazırlayırıq”.

“Xəzər TV reytinqini qoruya bilmədi”

“Azxeber” saytının direktoru Əfzələddin ağalarov qeyd edir ki, vaxt tapdıqca Azərbaycan televiziyalarının hər birini izləməyə çalışır: “Çünki bir jurnalist kimi efirdə baş verən hər bir hadisə mənim üçün xəbər mahiyyəti daşıyır. Televiziyalarımızın demək olar ki, hamısı bir-birinin təkrarırdır. Bu isə tamaşaçını televiziyadan Türk televiziyalarına yönəldir. Amma ümumilikdə onu deyə bilərəm ki, ATV kanalı son illər mənim xoşuma gəlir. Bu kanalın kreativ layihələr həyata keçirməsi digərlərinə nisbətən təqdirəlayiq hesab etmək olar. ATV və ANS televiziyaları mənim fikrimcə, digərlərinə nisbətən daha baxımlıdır. Xəzər televiziyası isə tamaşaçıların gözündə əvvəlki kimi öz reytinqini və baxımlığını qoruya bilmədi, imitasiyanı uğurlu edə bilmədi. Hamı bilirki, bu televiziya Türk televiziyaları kimi fəaliyyət göstərirdi. Amma vaxt keçdikcə yeni və maraqlı verilişləri ilə tamaşaçı rəğbətini qazana bilmədi. Çünki Türkiyə televiziyalarına baxmaq istəyən onsuz da onlara baxır. Digər bir tərəfdən də yeni verilişlərinin azlığı və yeni layihələrin olmamasını deyə bilərəm. Ümumən bu Xəzərə aid deyil. Demək olar ki, ATV və ANS xaricində yenilik etmək istəyən heç bir kanal yoxdur”.

“Telekanallarda xəbər siyasəti yoxdur”

“Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd deyir ki, ümumiyyətlə Azərbaycan telekanallarına baxmır: “Çünki verilişləri həddən artıq zəifdir. Xəbər siyasəti ümumiyyətlə yoxdur, hər şey birtərəfli təqdim olunur. Rəqabət mühiti olmadığından inkişaf da yoxdur. Ümumiyyətlə demək olar ki, yerli telekanallara baxmıram, amma hərəsində bir-iki veriliş ola bilər, o da ildə-ayda bir dəfə”.

“Mədəniyyət kanalı məni qane edir”

TeatrPlyus.Az saytının baş redaktoru Sevdacan Babayeva kanal ayrımı etmir: “Harada maraqlı veriliş, maraqlı mövzu varsa ona baxıram. Bir sənətşünas kimi Mədəniyyət televiziya kanalı maraqlıdır, üstünlüyü ona verirəm. Verilişlərin hazırlanma səviyyəsinə görə, bir də şüvənlik, qaragüruhçuluq, insanların dərdlərindən reytinq, pul qazanmır. Burnundan uzağı görməyən aparıcılar çıxıb orda ağıllı üz ifadəsiylə millətə ağıl öyrədib özünü gülünc hala salmır. Bir sözlə, digərlərilə müqayisədə format olaraq məni qane edir”.

“Azərbaycanda yaxşı telekanal yoxdur”

“AzNews.az” saytının baş redaktoru Elçin Zahiroğlu deyir ki, Azərbaycanda yaxşı telekanal yoxdur: “Bəlkə var, mən bilmirəm? Bu da ola bilər. Çünki nadir hallarda televiziyaya baxıram. Xəbər proqramları maraqsızdır. Çünki televiziyarın saytlardan əkişdirdikləri xəbərləri biz çoxdan oxumuş oluruq. Müəllif verlişlərinin əksəriyyəti isə veriliş yox, xarici telekanallardan çox eybəcər formada yamsılamadır. Belə televiziyalara yalnız bekar adamlar çarəsizlikdən vaxt ayıra bilər”.

“APA” İnformasiya Agentliyinin baş direktor müavini Cavid İsmayıl da hesab edir ki, Azərbaycanda ən yaxşı telekanal yoxdur.

“ANS-ə üstünlük verirəm”

“Hafta.az”ın redaktoru Səbinə Əvəzqızı yerli kanallarda ancaq xəbərlərə baxır: “Telekanallarımıza yalnız xəbər üçün baxıram. Həmişə ANS-ə üstünlük verirdim, indi də arada müqayisə etməli oluram. Tam qane etməsə də, ATV-nin xəbər təqdimatı xoşuma gəlir. Amma yenə də ANS-ə baxmağa üstünlük verirəm. Verilişlərə gəldikdə, telekanallarımızda heç bir verilişə baxmıram”.

“Ən yaxşı televiziya AzTV-dir”

“Gündəlik Teleqraf” qəzetinin redaktoru Dilqəm Əhməd AzTv-ni ən yaxşı televiziya hesab edir: “Olduqca səviyyəli verilişləri var. Adlarını bilməsəm də, bir neçə yaxşı yarışma proqramı görmüşəm. Həmçinin bəzən yaxşı sənədli filmlər verirlər. Sonra AzTV-yə daxil olan “İdman Azərbaycan” kanalı birmənalı rəqibsizdir. Ayrıca digərləri ilə müqayisədə xəbər çeşidləri daha yaxşıdır”.

“ANS nömrə 1-dir”

“Milli.az” xəbər portalının baş redaktor müavini Anar Məmmədov isə ANS-i birinci hesab edir: “Telekanallar arasında xəbərçilikdə ANS 1 nömrədir, hətta xəbər verməsə də, xəbər olmayan zaman cin çıxarsa da.. . Həmin kanalda xəbər əsas yerdədir və istənilən zaman ictimai rəyi özünə çəkməyi bacarır. Bu çöx önəmli məsələdir. Ümumi götürəndə televiziyalar bərbad vəziyətdədir. Bütün verilişləri bir studiyada çəkilirsə, başqa heç nədən danşmağa dəyməz”.

“İllərdir Space və Lider kanalına baxmıram”

“Bakupost.az” saytının əməkdaşı Fərəh Sabirqızı xəbərləri izləmək üçün ANS və ATV-ni izlədiyini deyir:
“Ən yaxşı telekanalın hansı olduğunu deyə bilmərəm, çünki daimi olaraq heç birini izləmirəm. Space və Lider mənim qoşulduğum peykdə olmadığına görə, bu kanalları ümumiyyətlə bir neçə ildir izləmirəm. Yerli xəbərləri dəqiqləşdirmək istəyəndə, əsasən ANS və ATV-ni izləyirəm.
Arada pultu çevirəndə bəzi verilişlər qarşıma çıxır. Amma bu proqramlara 5 dəqiqədən artıq baxmaq olmur. Çünki istər psixoloji, istər şou, istər sosial mahiyyətli veriliş olsun, hamısında başda hansısa müğənnini otuzdururlar, adi danışıq qabiliyyəti olmayanlardan hər şey barədə müsahibə alırlar. Belə verilişlərdə şəxsi həyatında kimsəyə örnək ola bilməyəcək adamlar tamaşaçılara dərs keçir, artıq çəkidən partlamağa gələn dietoloq arıqlamağın yollarından danışır və s.”.

“Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğlunun kanallara baxmağa vaxtı yoxdur: “Gecə növbəsində də işlədiyim üçün telekanallarımıza baxmağa vaxtım olmur. Bircə ANS-dən xəbərləri izləyirəm, başqa heç nə. Başqalarına ümumiyyətlə baxmıram”.

“Gün.az”-ın müxbiri Günel Abbasova da həmçinin Azərbaycan telekanallarına baxmır: “ Ancaq axşamlar evdə oluram, onda da elə yorğun oluram ki, tv-yə baxmağa həvəsim olmur. Həftəsonları bir-iki saatlıq televiziyaya baxıram, onda da yerli kanallar olmur”.

“Birini deməliyəmsə, bu ANS-dir”

“Lent.az” xəbər portalının Web redaktoru Xaliq Rüstəm ATV-ni də yaxşılar sırasına aid edir: “Öz aramızdır, ANS-in xəbər verilişlərinə heç bir kanal çata bilməz. Qaldı ki, verilişlərə, demək olar ki, bütün kanallar elə eyni sistemlə işləyir. Amma yenə də mən ANS-ə üstünlük verirəm”.

“Xəzər TV yağışın yağmasını faciə kimi çatdırır”

Junalist Arzu Abdulla deyir ki, 4 ildir evimdə televizor yoxdur: “Amma bəzən qonaq gedəndə televizor görürəm, birdə mağazalarda. Əslində informasiya yükündən xilas olmaq istəyirəm. Çünki bütün günü peşəmlə bağlı bu yüküm artır. Amma telekanallara gəlincə, lap uzaqdan uzağa olsa da “Mədəniyyət” kanalının fəaliyyəti digərləri ilə müqayisədə müsbətdir. Ən dəhşətlisi isə “Xəzər” telekanalıdır ki, burada adicə yağışın yağmasını da faciə kimi çatdırırlar.

Mənim üçün ən maraqlı olan uşaq verilişləri də bizdə gülünc səviyyədə təqdim edilir. Bəzi kanallarda isə intellektual oyunların keçirilməsi sevindiricidir. Lakin bu oyunların qalib iştirakçısı olan şagird və ya tələbəni çox cüzi bir şeylə mükafatlandırırlar. Amma meyxana və ya digər şou müsabiqəsinin qalibini bahalı avtomobil hədiyyəsi gözləyir. Bu isə tamaşaçıların daha çox şouya marağından irəli gəlir ki, elə bu marağı yaradan da telekanalllar olub”.

Mirvari Nəcəf
AzVision.az



Teqlər:  





Xəbər lenti