Anar Ələkbərov Çin XİN başçısının müavini ilə görüşüb
Azərbaycan nümayəndə heyətinin pandemiyadan sonra ÇXR-ə səfər edən ilk heyətlərdən olduğunu bildirən Ma Caösyü Azərbaycanın Çinin bütün təşəbbüslərinə daim müsbət reaksiya göstərdiyini, “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələri qeyd edib.
O, ələqələrin daha da genişlənməsi üçün bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor arasında əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. Nazir müavini ÇXR-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq ölkəmizə sülh arzulayıb.
Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə münasibətlərə hər zaman önəm və dəstək verdiyini, ikitərəfli əlaqələrin inkişafına çalışdığını bildirib.
Azərbaycanın turizm potensialı, işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən digər bölgələrimizdəki layihələrdə Çin sərmayədarları və şirkətlər üçün imkanların mövcudluğu barədə məlumatlar verilib. Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin gələcəkdə də davam etdirəcəyini bildirən Anar Ələkbərov, dövlət qurumlarının da Çinlə əməkdaşlığa yüksək maraq göstərdiyini qeyd edib və Azərbaycan dövlətinin hər zaman “Vahid Çin” prinsipinə dəstək verdiyini vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


