"Cənab Prezidentin bu addımı medianın inkişafına dəyərli töhfədir" - Əhməd İsmayılov

“İlk növbədə qeyd etməliyik ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir. Dövlətin medianın inkişafına dəstək strategiyasından bu sahə ilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən azad etmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir”,- deyə Əhməd İsmayılov bildirib.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etməsi mediamızın iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəyərli töhfədir. Ölkəmizin media ictimaiyyəti adından diqqət və qayğısına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”, - deyə Əhməd İsmayılov bildirib.
Teqlər: Media