Azərbaycan-Ermənistan: Dağlıq Qrabağda yeni müharibə riski” - Fransız jurnalistə cavab

 “Azərbaycan-Ermənistan:    Dağlıq Qrabağda yeni müharibə riski” -    Fransız jurnalistə cavab
  31 Mart 2023    Oxunub:1569
İlk növbədə qeyd etmək lazımdır ki, məqalədə Fransadakı erməni lobbi təşkilatlarının və marqinal dairələrinin Azərbaycana münasibətdə formalaşdırmağa çalışdıqları qara piarın, informasiya təbliğatının təsiri altında bir sıra önəmli faktlar həmişəki kimi təhrif olunub, ciddi səhvlərə yol verilib. Bu barədə bir qədər sonra jurnalist həmkarımızın yazdıqlarına iradlarımızı bildirəcəyik.
Amma..... Haqqında bəhs etdiyimiz bu məqalədə verilmiş müəyyən “sətiraltı” işarələr var ki, onları daha diqqətlə nəzərdən keçirməliyik. O mühüm və diqqətəlayiq hesab etdiyim “incə məqamlar” hansılardır? Bu məqalədə üç çox önəmli tezisə fikir verməyinizi tövsiyə edərdim:

Birincisi odur ki, bəlkə də tarixdə ilk dəfədir ki, “L’Opinion” kimi Fransa KİV-i içərisində nüfuzlu, ictimai rəydə xüsusi çəkiyə malik qəzetdə Laçın yolunda eko-aktivistlərin aksiyasından sonra yaranmış vəziyyətin səbəbi bizə istinad edilərək olsa da, yenə də əslində bölgəni yaxşı tanımayan və məhz bu səbəbdən də çox vaxt yanlış istiqamətdə yönləndirilən yerli oxuculara həqiqət dolayı yolla olsa da izah edilib. Məqalədə yaranmış vəziyyətin əsas səbəbinin həmin yoldan qanunsuz istifadə olunması haqqında ölkəmiz tərəfindən irəli sürülən arqumentin ifadə olunması sözsüz ki, fransız oxucusunun beynində erməni təbliğatını ən azı sual və ya şübhə altına ala biləcək fikirlər formalaşdıra bilər. Yəni, “ermənilərin iddialarını oxuduq, bəs qarşı tərəfin arqumenti nədir?” kimi təbii oxucu sualına da burada bir növ arqumental və ən başlıcası əsaslı cavab verilib. Məsələn: “Azərbaycanın ermənilər o yoldan qanunsuz istifadə edirlər, Qarabağda hələ də 10 minə yaxın qeyri-qanuni erməni silahlısı var”, faktını “peykdən alınmış görüntülər əsasında bəyan edirik” deməsinin fonunda “ermənilər isə bunu təkzib edirlər” ifadəsinin yazılması arqument baxımından kimin haqlı olduğuna məncə açıq işarədir. Bu yazıda başqa bir çox əhəmiyyətli məqam da ondan ibarətdir ki, “Azərbaycan hazırda çox güclü olsa da onun iri miqyaslı hərbi əməliyyatlara başlamaq istəməsi müşahidə olunmur. Halbuki, ölkənin məqsədi Qarabağı tam nəzrati altına almaqdır.” Ermənistanın dünyada hazırda Azərbaycan əleyhinə yönəlmiş təbliğat maşının əsas tezisi məhz “Azərbaycan Qarabağda etnik təmizləmə edərək genosid törətmək istəyir” cümləsidir. Belə fonda “Azərbaycan güclüdür, hədəfi Qarabağı tam nəzarəti altına almaqdır, ancaq onun genişmiqyaslı hərbi əməliyyat aparmaq niyyəti müşahidə olunmur” yazılması bu baxımdan vacib fikirdir ki, oxucuda bölgədəki real vəziyyət və mənzərə barəsində aydın təsəvvür yaratsın. Yenə təkrar edirik ki, Fransa KİV-içərisində məhz nüfuzlu “L’Opinion” qəzetində ilk dəfədir ki, belə arqumental formada Azərbaycanın mövqeyi bu və ya digər formada oxucuların diqqətinə çatdırılır. Bu baxımdan müəllifin niyyətini müsbət qarşılamaq lazımdır.

İkincisi Fransada qələm sahibləri arasında və ümumiyyətlə, ictimai rəydə nüfuz sahibi olan, həm də siyasi təhlilçi kimi də fəaliyyət göstərən Jan Dominik Merşe bildirir ki, Azərbaycanla münaqişədə müsəlman İranı xristian Ermənistanı müdafiə edir. Bu əslində qərb, o cümlədən də fransız oxucusunun beynində çox ciddi suallar yaradan faktdır. Fransada daha çox ermənilərlə ehtiyatlı və həssas davranmağa, onlar barəsində fikir söyləyərkən maksimum“delikat” davranmağa həmişə üstünlük verən jurnalistlər, o cümldən də mösyö Merşe yazısında Ermənistan-İran münasibətləri haqqında elə bir cümlə qurur ki, bu əslində fransız cəmiyyəti üçün sensasionel sayıla bilən və bir qədər də şok effekti yaradan informasiya fenomenidir. O, nə deyir? Bir daha təkrar edirik: Müsəlman ölkə olan İran Azərbaycanla münaqişədə olan xristiyan Ermənistanın yanındadır. İran dövlətinin Avropada və dünyada hansı imiclə tanındığı və tanıdıldığı məlum olan faktdır və bu tanıtım heçdə fars-molla rejiminin xeyrinə deyil. Cənab Merşe faktiki olaraq yerli cəmiyyətə mesaj ötürür ki, baxın, dünyada barəsində çox sərt və həddindən artıq mənfi obrazı olan İran Fransada hər zaman yazıq, əzilən, şərq xristiyanlığının hətta müsəlman türklər qarşısında “dirənc mərkəz”i sayılan erməniləri dəstəkləyir. Görün, Ermənistan əslində kiminlə qol-qoladır! Yəni, bizim düşmən bildiyimiz, təhdidlər saçan İran Azərbaycanın düşməni olan Ermənistanı niyə müdafiə edir və nə üçün onunla birlikdədir, maraqları nədədir? Yaxud da İran-Ermənistan münasibətləri bölgə və dünya üçün təhdid deyilsə, bəs nədir!? Özü də bu məqalə ABŞ dövlət katibi cənab Blinkenin “Azərbaycanın İranla sərhəddi mütləq qorunmalıdır!” kimi tarixi bəyanatı ilə paralel şəkildə və ya ondan az sonra qələmə alınıb. Bu o fonda yayılan məlumatdır ki, fransız və qərb oxucusu hər gün erməni lobbisinin Azərbaycan, bölgənin təhlükəsizliyi, çağırışlar barəsində yalan və böhtanlarla zəngin məlumatlarını KİV-lərdə oxumağa məcbur edilir. Digər tərəfdən məhz bu şəraitdə müəllif məqaləsində göstərir ki, Ermənistanın ən əziz bacısı Fransa ilə yanaşı həm də İrandır. Sizcə, bunlar “üstüörtülü” yazılsa belə qərb oxucusunun bəsirət gözününün açılması üçün çox vacib məqam və dəyərli analogiyalar deyilmi?! Biz qərb mediasını, orada “alqı operasyonları”nın necə formalaşdığını və ya formalaşdırıldığını çox yaxşı bilirik. İstəyəndə və öz maraqlarına cavab verəndə bu addımları atırlar. Bu yazısında fransız jurnalist şablon və hamının Fransada artıq eşitməyə adətən adət etdiyi Ermənistanı haqlı çıxartmaq üçün ortaya atılmış “arqumentləri” və regionumuzda, Laçın yolunda baş verən son hadisələrlə əlaqədar “faktları”, feyk məlumatları təkrar edir. Amma həm də bu faktı yazmaqla Merşe “üstüörtülü” şəkildə olsa da vurğulayır ki, bax ey fransız oxucusu, sənə mələk imicində və yazıq, əzilən şərq xristiyanlığının “barbar müsəlman”lar qarşısında “dayağ”ı kimi təqdim edilən Ermənistan əslində kiminlə müttəfiqdir və bu müttəfiqlik kimə qarşıdır?! Yenə qeyd edirəm ki, Merşe kimi Fransada kifayət qədər ciddi nüfuza malik qələm sahibinin belə bir qənaətdə olması və onu öz ermənipərəst cəmiyyəti və dövləti ilə bölüşməsi vacib bir məqam sayıla bilər.

Əvvəldə haqqında danışdığımız məqalədəki üçüncü önəmli məqam nədir? Müəllif yazır ki, ABŞ və İsrail dünyəvi ölkə olan Azərbaycanı özünün yaxın müttəfiqi hesab edirlər. Xüsusi ilə də İranla qarşıdurma məsələsində bu müttəfiqlik hər iki ölkə üçün çox əhəmiyyətlidir. Yəni, Merşe yenə də işarələrlə “qapalı” mesajlar verir ki, eşit və agah ol ey fransız cəmiyyəti, sənin ölkənin bacı adlandırdığı Ermənistan dünya üçün təhdidlər sovuran İranla, Azərbaycan isə NATO-dakı müttəfiqin ABŞ və İsrail ilə dost və strateji əlaqələrə malikdir. De fakto Merşe fransız cəmiyyətinə müqayisə aparmaq üçün çox vacib olan həqiqətləri ötürür. Belə olan halda fransızların beyinlərində çox əhəmiyyətli, tutarlı suallar formalaşır ki, niyə biz praqmatik dünya ilə əməkdaşlığı prioriteti kimi müəyyən etmiş, bu istiqamətdə bütün risklərə rəğmən real, pozitiv və “qazan-qazan” prinsipi ilə münasibətlər qurmaq istəyən Azərbaycanı deyil, İranın müttəfiqinə çevrilmiş Ermənistanı müdafiə etməliyik?! Bu üç önəmli istiqamətlə yanaşı bu məqalədə daha bir önəmli cümlə də diqqətimizdən qaçmadı. Separatçıların istəklərinə baxmayaraq, Qarabağ beynəlxalq aləm tərəfindən Azərbaycan torpağı kimi tanınıb. Deməli, fransız oxucusu burada daha bir mesaj alır. Öz ölkəsində də separatçılığın yolverilməzliyi barəsində KİV-də respublika rəhbərliyinin, siyasətçilərin, ekspertlərin fikirlərinin ehtiva olunduğu məlumatları mütəmadi olaraq oxuyan, mülahizələri və dərin təhlilləri dinləyən fransız oxucusu başqa bir sualı da ən azı beynində yaradır ki, belə olan halda biz niyə separatçı tələblərlə ölkəmizə gələrək yalvaran Ermənistanı və onun Fransada ipə-sapa yatmayan lobbisini və lobbiçilərini müdafiə etməliyik, öz maraqlarımızı onların əsassız tələblərinə nə üçün qurban verməliyik?!

Bu məqamda biz də yada salaq ki, Azərbaycan və onun lideri Prezident İlham Əliyev nə deyir? “Biz öz torpağımızı heç kimə verməyəcəyik və bu ərazidə ermənilər üçün heç bir muxtariyyət, əlavə fövqəl imtiyazlar olmayacaq. Erməni də daxil olmaqla bütün xalqlara bərabər hüquqları konstitusiyamızda yazmışıq və qarantiya altına almışıq. Bu qədər və bundan artığı da mümkün deyil!” Məqalədəki ABŞ və İsrailin Azərbaycanla əlaqələrinə verdiyi önəmdən az da olsa bəhs edilməsi və burada “müttəfiq” ifadəsinin işlədilməsi fransız cəmiyyəti və oxucusu üçün çox ciddi yenilik təşkil edir. Dünyanın çox təsirli və nüfuzlu iki ölkəsi Azərbaycanı özünün müttəfiqi hesab edir. Bəs, biz Fransa bu rəqabətdə kimi özümüzün müttəfiqimiz sayırıq: İranın yaxın dostu, müttəfiqi olan Ermənistanı?! ABŞ və İsrailin yaxın müttəfiqi, öz ərazisində necə deyərlər bizim kimi separatçılıqla mübarizə aparan Azərbaycana qarşı isə az qala düşmən mövqeyindəyik. Yəqin ki, siz də fransız vətəndaşı olsaydınız bu məqamda niyə sualını verərdiniz. Sadəcə ona görə ki, Azərbaycan müsəlman, Ermənistan isə xristiyan ölkəsidir?! Məncə, bir fransızı 21-ci əsrdə bu “fakt”la inandırmaq və “ikna” etmək o qədər də asan məsələ deyil.

Məqalədə dünya və regional güclərin cənubi Qafqazla əlaqədar siyasətləri haqqında da qeydlər var. Rusiyanın bu bölgəyə özünün “yaxın xarici” kimi baxdığına, artıq haqqında bəhs etdiyimiz müsəlman İranın müsəlman ölkəsi olan Azərbaycanla rəqabətdə məhz Ermənistanı dəstəkləməsinə, həmçinin mədəni və siyasi mənada Azərbaycana yaxın olan Türkiyənin Ermənistanla münasibətlərdə ölkəmizi birmənalı müdafiə etməsinə də yer verilib.
Yazı müəllifi Avropa İttifaqının Azərbaycanla enerji sahəsindəki əməkdaşlığına, həmçinin Şarl Mişelin təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesinə də toxunur. Azərbaycanın Fransa prezidenti Emmanuel Makronun bu prosesdə iştiakından imtina etməsinin səbəbini onun həddindən artıq ermənipərəst mövqe tutması ilə əsaslandırır.

İndi isə müəllifə erməni təbliğatının təsirləri altında Azərbaycanla bağlı yazdığı əsassız mülahizlərlə əlaqədar iradlarımızı bildirək. Məsələn: yazıda göstərilir ki, Azərbaycan Qarabağ regionunda yaşayan erməniləri dekabr ayından bəri blokadada saxlayır. Və bu oxucuya “fakt” kimi təqdim olunur. Fransız jurnalistin təkrarladığı, Fransada artıq şablon kimi formalaşmış bu yalan Azərbaycana qarşı erməni lobbisinin apardığı total ideoloji və çirkin mübarizənin bütün elementlərini özündə ehtiva edib. Ermənilərin və “haypərəstlərin” məqsədi “armenofob və antidemokrat Azərbaycan” imicini süni şəkildə yaratmaq və dünyaya da “hay”asızcasına car çəkmək ki, biz bizə qarşı milli-etnik zəmində nifrətin mövcud olduğu cəmiyyətə inteqrasiya oluna bilmərik. Əslində biz erməni KİV-ində aparılan təbliğatda da bu meyli tam və aydın şəkildə müşahidə edə bilərik. Güya ermənilərə qarşı azərbaycanlılarda nifrət var və ona görə də bu xalqların birgə yaşayışı çətin olacaq.
Xatırlayırsınızsa, vaxtı ilə Robert Koçaryan da Avropa Şurasının tribunasından eyni və faşist məzmunlu oxşar fikirləri səsləndirmişdi: “Azərbaycanlılar və ermənilər genetik səbəblərdən birgə yaşaya bilməzlər!” Təbii ki, biz heç kimi məcbur edə bilmərik ki, bizimlə birgə yaşasın. Ancaq o da yəqin ki, unudulmamalıdır ki, biz öz torpağımızda, yəni, öz evimizdəyik, bizimlə birgə yaşamaq istəməyəni də zorla saxlaya və ya onu bu fikrindən döndərə bilmərik. Necə deyərlər yanlış anlaşılmasın, qapının yeri o şəxslərə çox yaxşı məlumdur. Üstəlik də indiki halda Laçın yolunun bu mənada da əhəmiyyəti az deyil. Artıq qanunsuz yükdaşımalar və hərəkət üçün o ərazidə torpaq yol da həmçinin əbədi olaraq bağlıdır. Onun “Laçın dəhlizi” adlandırdığı yolu blokadada saxlamağımız haqqında yazılanlar da uydurma və yalandır. Biz nə “erməniofobuq”, nə də ki, Laçın yolunu bağlamışıq. Halbuki bunu etsək də haqsız olmarıq. Çünki bu istiqamətdəki asfalt yol da, torpaq yol da Azərbaycan dövlətinin suveren ərazisidir. Özümüz bilərik orada yol açırıq və ya bağlayırıq. Qarabağda hansısa “humanitar böhran” var. Humanitar böhran yaşayanlar 10 minlik qeyri-qanuni silahlı qüvvəni necə saxlaya bilər, oralara 2021-ci il Ermənistan istehsalı minaları necə gətiriblər?! Müəllifə bu istiqamətdə də araşdırmalarını genişləndirməyi tövsiyə edərdik.

Yazıdakı mülahizlərdə Ermənistanın demokratik ölkə kimi təqdim olunmasının özü isə əsl absurddur. Siyasi həbslərin total olduğu, siyasətçilərin təqib edildiyi Ermənistan və demokratik dövlət anlayışlarının özü belə təbiətin və siyasətin qanunlarına ziddir. Qafqazda əsl diktatura rejimi, həmçinin etnik mənşəyinə görə hansısa xalqa nifrətin olduğu dövlət axtarışındasınızsa, başqa yerə yox, mütləq Ermənistana gedin, cənab Merşe!
“L’Opinion” yazır ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana onun qərbpərəst demokrat olması səbəbindən nifrət edir. Əlbəttə, hər bir jurnalist öz mülahizələrində, fikir və təhlillərində sərbəstdir, amma həm də həqiqəti müəyyən etmək üçün onun ardınca sona qədər getməlidir. Bu mənada bu məqaləsi haqqında fikir və təhlillərimizi yazdığım fransız həmkarıma tövsiyyə edərdim ki, Paşinyanın Rusiya, Avropa, ABŞ və digərləri ilə əlaqədar çox yox, heç olmazsa, son bir neçə ayda dediyi və yazdığı fikirlərlə, bəyanatlarla daha diqqətli tanış olsun. Necə deyərlər, Je suis sûr, vous allez changer votre “Opinion”! (Əminəm bundan sonra “demokrat” Paşinyan haqqında fikriniz mütləq dəyişəcək).

Müəllif: Elnar Məmmədli
AzVision.az


Teqlər:





Xəbər lenti