“Hələ ötən gün bir deputat həmkarımız da gileylənmişdi ki, ona da bu ərazidə müsahibə verməyə imkan tanınmadı. Hələ bulvar cəhənnəm, bir neçə il öncə bir video müsahibə üçün Bakı Olimpiya Stadionunun çevrəsindəki parka yer təyin etmişdim. Bir də gördüm üfunət iyi gələn gölməçənin həndəvərindən mühafizəçilər tökülüb gəldi ki, bəs burada çəkiliş aparmaq olmaz. Soruşdum ki, nədən? Cavab verdilər ki, gölməçədəki qurbağalar kamera görəndə rahatsız olurlar. Arqument o qədər əsaslı idi ki, müsahibəni yarımçıq qoyub jurnalistdən üzr istəyib hadisə yerindən ayrıldım.
İndi ara-sıra həmin məkana yolum düşəndə telefonla da danışmıram ki, birdən oradakı qurbağaların rahatlığını pozmuş olaram. Bakı Bulvar İdarəsinin mühafizəçilərinin görünür, səmimiyyəti çatmayıb ki, burada da qurbağaların narahatçılığını dilə gətirsinlər. Görünür, Bakı Bulvar İdarəsinin himayə etdiyi qurbağalar elit sayıldıqlarından özləri adlarının hallandırılmasını istəməyiblər. Sabunçu qurbağaları xalqa daha yaxın gölməçədə yaşadıqlarından onlarda utancaqlıq kompleksi çoxdan ortadan qalxıb. Bir də qurbağaların yaşamadığı xeyli gözəl və yaraşıqlı parklar var, bəlkə çəkilişlərinizi orada aparasınız?
Yaxın günlərdə bəlkə yeni qanun layihəsi verməyə zərurət yaranıb? Niyə də olmasın? Adı sadə olacaq: Çəkiliş aparmağa və ya müsahibə verməyə icazə verilən parklar və əyləncə məkanları haqqında qanun. Ona görə də, əziz jurnalistlər və siyasətçilər! Qanunsuzluğa baş vurmadan bir az səbirli olun və unutmayın ki, media azadlığı qurbağaların hüququnun pozulduğu yerdə artıq keçərli sayılmır”.
AzVision.az
Teqlər: