Şuşa Radio-Televiziya Yayım Stansiyası tikiləcək

   Şuşa Radio-Televiziya Yayım Stansiyası tikiləcək
  27 Mart 2023    Oxunub:882
"Bu ilin əvvəllərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirmə işləri bitib və yaxın aylarda stansiyanın tikintisinə başlayacağıq".
Bunu "ASAN Radio"nun efirində "Rəqəmsal Dialoq" verilişinin qonağı olan "Teleradio" İB-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elman Həsənov deyib.

"Bu stansiya "Bakı Teleqüllə Kompleksi"ndən sonra Azərbaycanda ikinci metal-beton konstruksiyalı, yeni dizaynlı bir stansiya olacaq. Onun işıqlanması və görüntüsü çox maraqlıdır. Stansiyada təkcə radio və televiziya yayımı olmayacaq, telestudiyalar da yerləşdiriləcək", - E.Həsənov əlavə edib.

O işğaldan azad edilmiş ərazilərdə digər stansiyaların da tikintisinin planlaşdırıldığını vurğulayıb:

"Bunlar Zəngilanda Mincivan stansiyası, Qubadlının Xanlıq və Balasoltanlı stansiyalarıdır. İşğaldan azad edilmiş ərazilərdə vaxtilə 25-ə yaxın stansiya olub. Bu ərazilər işğaldan azad edildikdən sonra ilkin monitorinqlər nəticəsində 20-ə yaxın stansiyanın bərpa edilməsinə qərar verildi. Bu, maksimum saydır. Hazırda bu istiqamətdə işlər davam edir.

Azad edilmiş ərazilərdə 6 stansiyada yayım bərpa olunub. Onlardan ən böyüyü Şuşada müvəqqəti stansiyadır. Bu stansiyada 10-a yaxın televiziya proqramı və 7 FM kanalı yayımlanır. Digəri Xocavəndin Hadrut qəsəbəsi yaxınlığında Şahyeri stansiyasıdır. Burda da 10-a yaxın televiziya proqramı və 5 FM kanalı yayımlanır. Laçın və Kəlbəcərdə də müvəqqəti olaraq radio və televiziya yayımını bərpa etmişik".(Report)

AzVision.az



Teqlər:





Xəbər lenti