Ekoloji aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası

Ekoloji aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası
  21 Mart 2023    Oxunub:904
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəallərın və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. Davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz!
AzVision.az xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Etirazçılar hər zaman olduğu kimi, humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Bu gün Rusiya sülhməramlı kontingentinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolundan keçiblər. Həmin nəqliyyat vasitələrinin arasında təminat-təchizat, tibbi yardım maşını və minik avtomobilləri var idi.

Qeyd edək ki, aksiya ərazisində humanitar məqsədlərlə istifadə olunan avtomobillərin sərbəst hərəkəti təmin olunur. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Gün ərzində hava dəyişkən buludlu keçib, Şuşada fasilələrlə yağış yağıb. Bütün bunlara baxmayaraq, ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdiriblər. Aksiyanın uzanması da onların iradəsinə təsir etmir.

Bu gün Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz bayramı ilə əlaqədar konsert proqramı təşkil olunub. Novruz bayramı ilə əlaqədar ekoaksiyanın iştirakçıları üçün bayram aşı hazırlanıb. Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında açılan bayram çadırında milli yeməklər bişirilib, həmçinin səməni, xonça və digər atributlar düzülüb. Ekoaksiya iştirakçılarına bayram sovqatı da paylanılıb.

Laçın-Xankəndi yolunun yaxınlığında quraşdırılmış səhnədə əvvəlcə müğənnilər - Hiss, Nuri Serinlendirici & Jane Shirokih və Azərbaycanın Xalq artisti Röya Ayxan çıxış ediblər. Sonra isə bayram konserti “DJ Kənan Drums” tərəfindən səsləndirilən yerli və xarici musiqilərlə davam edib. Ərazidə olan ekoaksiyanın iştirakçıları və qonaqlar şən musiqi sədaları altında rəqs ediblər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürüb.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
AzVision.az



Teqlər:





Xəbər lenti