"Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi rekord həddə artıb"

   "Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi rekord həddə artıb"
  26 Dekabr 2022    Oxunub:1217
Bu ilin ilk 10 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi rekord səviyyədə artıb. Ötən ilin eyni dövründə 5 Türk dövləti ilə 3 milyard 724 milyon 511 min dollar dövriyyəmiz olduğu halda bu ilin yanvar-oktyabr aylarında dövriyyə 63.4 faiz artaraq 6 milyard 83 milyon 252 min dollara çatıb.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, bu, müstəqillik illlərinin ən böyük artımıdır:

"Ticarət dövriyyəsinin artmasında Türkiyə ilə əlaqələrimiz xüsusi paya malik olsa da digər qardaş dövlətlər ilə də iqtisadi münasibətlərimiz ciddi şəkildə dərinləşib. Qazaxıstan ilə dövriyyəmiz bu müddətdə 5 dəfə artaraq 492 milyon 71 min dollara, Qırğızstan ilə 18.3 faiz artaraq 8 milyon 969 min dollar, Özbəkistan 73.4 faiz artaraq 146 milyon 976 min dollara, Türkmənistan 6.8 dəfə artaraq 377 milyon 242 min dollara, nəhayət Türkiyə ilə 44.6 faiz artaraq 5 milyard 57 milyon 994 min dollara çatıb".

Deputat vurğulayıb ki, ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır: "Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir".

AzVision.az


Teqlər:





Xəbər lenti