Mərkəzi Bank nədən çəkinir? – TƏHLİL

Mərkəzi Bank nədən çəkinir? – TƏHLİL
  14 Fevral 2013    Oxunub:2044
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə keçən ilin sonunda uçot dərəcəsinin səviyyəsi 5,25%-dən 5%-ə endiriləndə yazdığımız şərhdə yaxın müddətdə daha ciddi eniş ediləcəyini və sözügedən qərarın bu istiqamətdə başlanğıc olduğunu qeyd etmişdik. AMB-in İdarə Heyətinin sədri Elman Rüstəmov həmin qərara dair açıqlamasında da uçot dərəcəsinin azaldılmasının davam etdiriləcəyini söyləmişdi.
Ancaq AMB İdarə Heyətinin 11 fevral 2013-cü il tarixdən uçot dərəcəsinin səviyyəsini 5%-dən 4,75%-ə endirilməsi barədə növbəti qərarı da təəcüb doğurdu. Ölkədə inflyasiyanın az olması və manatın məzənnəsinin möhkəm şəkildə sabit qalması fonunda dərəcələr niyə cəmi 0,25% azaldılır? Bu, olduqca azdır. Addımın qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçün atıldığı bildirilsə də, bundan da böyük rəqəmlərlə dəyişikliklər edilən zaman, ölkədə kommersiya bankları tərəfindən təklif olunan kreditlərin faizlərində azalma baş vermir.
Mərkəzi Bankın sonuncu qərarına aid məlumatında da bildirilir ki, 2012-ci ildə orta illik inflyasiya əhəmiyyətli səviyyədə azalaraq cəmi 1,1% təşkil edib. İnflyasiyanın xarici ticarətdə tərəfdaş ölkələrdəkindən aşağı olması nəticəsində manatın real effektiv məzənnəsi iqtisadiyyatın rəqabətqabiliyyətlinə müsbət təsir götərib. Sual yaranır ki, bəs, onda AMB nəyə görə bu cür ehtiyyatla addım atır? Uçot dərəcəsini 1,5, yaxud 2% azaltmaq mümkün deyildimi?
Yeri gəlmişkən, cari ilin yanvar ayı ərzində ərzaq məhsullarının qiymətlərinin 0,6, qeyri-ərzaq mallarının 0,1, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə əvvəlki ayla müqayisədə 3,0 % yüksəlməsi nəticəsində istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,2 % bahalaşıb. AMB isə bütövlükdə 2013-cü il üçün ölkədə inflyasiyanı 5-6% səviyyəsində nəzərdə tutur. Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu il ölkədə inflyasiyanın 3-5 % olacağını deyib. Bu da onu göstərir ki, hökumətdə bu barədə əslində yekdil gözlənti yoxdur. Ancaq məsələ bundadır ki, tutalım, konkret olaraq 2012-ci ildə orta illik inflyasiya səviyyəsinin cəmi 1,1% təşkil etməsi heç də məqbul sayılmır. O mənada ki, bu, ölkədə iqtisadi fəallığın qeyri-qənaətbəxş vəziyyətdə olduğunu göstərir.
Sual edilir ki, belə şəraitdə qeyri-neft sektorunda iqtisadi artım tam şəkildə dəstəklənə bilərmi? İnfliyasiyanın həddindən artıq aşağı səviyyədə birrəqəmli saxlanması və yaxud da qeydə alınması iqtisadı artıma nail olmaq baxımından məqsədəuyğundurmu?
Şübhəsiz ki, yox...
Odur ki, AMB uçot dərəcəsinin səviyyəsini daha böyük rəqəmlə aşağı salsa yaxşı olardı. Ona görə ki, ölkəmizdə iqtisadiyyatın inkişafını dəstəkləmək üçün hökumətin qarşısında indi daha geniş imkanlar açılıb və real sektoru maliyyələşdirməyə tələb xeyli artıb.
Ancaq burada bir nüans var. O da bundan ibarətdir ki, ölkədə iqtisadi fəaliyyətin və artımın dəstəklənməsi siyasəti dövlət büdcəsindən həyata keçirilən müvafiq investisiya, o cümlədən, sosial istiqamətdə maliyyələşdirmə tədbirlərilə ciddi şəkildə uzlaşdırılmalı və infliyasiyaya təsir edən amillərin hər birinin gücü ayrı-ayrılıqda hesablanmalıdır. Belə ki, məsələn, ölkəmizdə sosial xərclərin inflyasiyaya təsiri dəqiq bəlli olmasa da, sosial istiqamətdə artımların bu sahədə nəzərdə tutulan gözləntiyə təsiri həmişə narahatlıq doğurub. Çünki ölkədə maaş və pensiyalar artırılan kimi qiymətlərin yüksəlməsi və inflyasiyanın əhalinin gəlirlərinin bir hissəsini “yediyi” müşahidə edilib ki, bütün bunlar da hər dəfə əslində, daha çox məhz süni qiymət artımı nəticəsində baş verib.Bu il ərzində isə ölkədə maaş və pensiyaların artırılacağı planlaşdırılıb.
Digər tərəfdən, oxşar mövzuda bütün şərhlərimizdə qeyd etmişik ki, söhbət infliyasiyadan getdiyi təqdirdə büdcədən əsaslı xərclərə və infrastruktur xarakterli investisiya layihələrinə yönəldilən vəsaitlər diqqət mərkəzində saxlanılmalıdır. O baxımdan ki, bunların icrasının məqsədəuyğunluğu, dəyəri, təsnifatı və gedişatı əsaslandırılmaqla, vəsaitlərin xərclənməsinə güclü nəzarət edilsin. Çünki inflyasiyaya ən güclü təkanverici qüvvə əslində məhz bu amil sayılır.
Nə qədər ki, hökumət bütün bu istiqamətlərdə özünə hələ tam əmin deyil, AMB-in uçot dərəcəsində ehtiyatlı davranışı da anlayışla qəbul edilir.



Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:  





Xəbər lenti