Ekspert: “Artan neft hasilatı, dənizin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur”

   Ekspert:    “Artan neft hasilatı, dənizin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur”
  14 Noyabr 2022    Oxunub:1141
Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı orqanizmlərin növ müxtəlifliyi deməkdir. Hazırda dünyada 15 milyondan çox canlı növləri mövcuddur və hər gün onların yüzə yaxını bərpa olmadan müxtəlif səbəblərdən məhv olur və bu, bir çox hallarda hiss olunmur.
Lakin bəşəriyyətə belə itkilərdən olduqca böyük ziyanı dəyir. Bu gedişlə Yer kürəsinin təbii zənginliyi gündən-günə azalır. Ona görə də indiki və gələcək nəsillər üçün bioloji müxtəliflik misilsiz sərvətdir.

Son illərdə Azərbaycanda bioloji müxtəliflik həlli vacib problem kimi müəyyən edilib və bu sahədə ciddi səylər göstərilir. Belə ki, bu problemlərin həlli istiqamətində xeyli işlər görülüb, “Bitkilərin genetik ehtiyatlarına dair” Dövlət Proqramı, “Ətraf mühitin mühafizəsi üzrə” Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanıqlı sosial iqtisadi inkişafa dair» Milli Proqram və digər sənədlər qəbul edilərək həyata keçirilməkdədir. Azərbaycan Biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulub. Prezidentin 2006-cı il 24 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və fəaliyyət Planı” təsdiq edilib. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən birini tutur. Burada mütəxəssislərin və bütün əhalinin qarşısında duran əsas vəzifə mövcud təbii ekosistemləri və bioloji müxtəlifliyi qorumaq, bunun üçün isə insanların maarifləndirilməsidir. Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Ancaq bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da biomüxtəlifliyin qorunması ilə bağlı problemlər də var. Onların ictimiayyətə çatdırılması isə mövcud problemlərin həllində mühüm rol oynayır.

Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı bildirdi ki, biomüxtəlifliyin azalmasına əsas səbəb yalnız iqlim dəyişikliyi deyil: “Burada digər amilləri də nəzərə almaq lazımdır. İnsanların təbiətə qarşı amansız, şüurdan kənar hərəkətləri sayəsində vəhşi təbiət məhvə məruz qalır. Ovçuluq mədəniyyəti olmadığından insanlar təbii resurslara qarşı dağıdıcı davranış nümayiş etdirirlər”.

M.Muradlının sözlərinə görə, su mühitinin Azərbaycan da daxil olmaqla Xəzərsahili ölkələrin neft hasilatını artırması nəticəsində ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur: “Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir. Bunlar genlərdə dəyişikliklərə səbəb olur ki, onlar da rüşeymləri məhv edir, irsiyyət və nəsil artma kimi bioloji funksiyaların pozulmasına şərait yaradır”.

Birliyin sədrinin fikrincə, hazırda ölkədə balıq ovuna qarşı mübarizəni yetərli hesab etmək olmaz: “Bununda səbəbi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının mühafizəni düzgün aparmamasıdır. Bir çox hallarda ekologiya idarələrinin əməkdaşları qanunsuz əməllərə göz yumurlar. Beləliklə, balıq ovçuları müxtəlif vasitələrdən istifadə edərək brakonyer fəaliyyətlərini həyata keçirə bilirlər. Bu istiqamətdə müsbət fəaliyyətlər də var. Balığın nəsil və kökünün qorunması ilə bağlı su hövzələrinə balıq buraxılır. Bu günlərdə Həkəri çayına balıq buraxılması da bu baxımdan müsbət haldır”.

M.Muradlı deyir ki, ölkədə ekoloji maarifçilik həyata keçirilir: “Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihələr əsasında maarifləndirmə işi aparılır. Ancaq maarifçilik nə qədər geniş yayılsa o qədər faydalı olar. Cəmiyyətin ekoloji mədəniyyətinin yüksəldilməsi üçün daha çox iş görülməlidir”.

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.

AzVision.az



Teqlər: Dəniz  





Xəbər lenti