“AzerGold”dan təqdirəlayiq addım - Daşkəsəndə idman meydançası yenidən quruldu

      “AzerGold”dan təqdirəlayiq addım    - Daşkəsəndə idman meydançası yenidən quruldu
  28 Oktyabr 2022    Oxunub:1040
Oktyabrın 24-28-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayon məktəbləri arasında Vətən müharibəsi şəhidi Rauf Əsgərovun xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib.
AzVision.az xəbər verir ki, Daşkəsən Gənclər və İdman İdarəsinin təşkilati dəstək göstərdiyi turnirdə rayonun 2009-2011-ci il təvəllüdlü şagirdlərindən ibarət 6 məktəb komandası – İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb, Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəb, Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb, Zahir Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi, Mikayıl Mustafayev adına Bayan kənd tam orta məktəbi və Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbinin komandaları iştirak ediblər.

Oktyabrın 28-də QSC-nin törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin balansında olan minifutbol, universal voleybol-basketbol meydançalarının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə təşkil edilən turnirin final qarşılaşması çərçivəsində sözügedən meydançaların açılışı olub.
Final qarşılaşmasından əvvəl “AzerGold” QSC-nin kollektivi Gəncə Şəhidlər xiyabanında şəhid Rauf Əsgərovun məzarını ziyarət edərək, üzərinə əklil və gül dəstələri qoyub, mərhumun xatirəsini yad ediblər.

Meydançaların açılış mərasimində iştirak edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov, Gənclər və İdman Nazirliyinin, həmçinin rayon ictimaiyyətinin nümayəndələri turnirin final qarşılaşmasını da izləyiblər.

Final oyununda Anar Mürsəlov adına 2 saylı tam ora məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerləri isə müvafiq ardıcıllığa uyğun olaraq Zahir Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbi və Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbinin komandaları tutub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qalibləri təbrik edib. Bildirilib ki, yenidən qurulan meydançaları regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezidentin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq Daşkəsəndə idmanın inkişafı, sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin fiziki tərbiyəsi və asudə vaxtlarını səmərəli keçirmələrinə töhfə vermək məqsədi daşıyır. Qeyd olunub ki, Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasət nəticəsində bu gün bölgələrimiz hərtərəfli inkişaf edir, əhalinin rifah halı daim yaxşılaşdırılır, həssas kateqoriyalardan olan vətəndaşlarımız yüksək qayğı və diqqətlə əhatə olunur.

Eyni zamanda bildirilib ki, gənclərimizin sağlam inkişafı, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm işlər görülür. Vurğulanıb ki, dövlətimizin başçısı tərəfindən paytaxt Bakı ilə yanaşı, regionlarda istifadəyə verilən müasir olimpiya idman kompleksləri, beynəlxalq standartlara cavab verən stadionlar ölkə gənclərinin idmana marağının artırılmasına, Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunun daha da yüksəlməsinə gətirib çıxarır. Bu xüsusda Daşkəsəndə açılışı olan yeni idman infrastrukturu Prezidentin dövlət qurumları qarşısına qoyduğu tapşırıq və tövsiyələri əsasında aktiv korporativ sosial məsuliyyət siyasəti həyata keçirən “AzerGold” QSC-nin bölgədə yaşayan uşaq, yeniyetmə və gənclərin idmana marağının yüksəldilməsi, ümumilikdə idmanın kütləviliyinin artırılmasına xidmət edir.

“AzerGold” QSC tərəfindən istifadəyə verilən idman meydançalarının Daşkəsəndə idmanın inkişafına bilavasitə təsir edəcəyin əminliyini vurğulayan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev minifutbol turnirində iştirak edən məktəb komandalarının timsalında istedadlı gənclərimizin potensialının üzrə çıxarıldığını qeyd edib. Əhəd Abıyev QSC tərəfindən rayonda gənclərin inkişafına xidmət edən bir sıra uğurlu sosial-mədəni layihələrin rellaşdırıldığını, bu layihələrin rayonun sosial-iqtisadi inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov isə çıxışında regionlarda minifutbol meydançalarının istifadəyə verilməsinin və mütəmadi olaraq turnirlərin keçirilməsinin bölgələrdə, o cümlədən Daşkəsəndə minifutbol idman növünün populyarlığının artmasına təsir edəcəyini diqqətə çatdırıb.

Çıxışlardan sonra miniftubol turnirində qalib gələn məktəb komandaları, həmçinin “Ən çox qol vuran oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə qaliblər mükfatlandırılıblar. Qaliblərə turnirin kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib.


AzVision.az



Teqlər: AzerGold   Futbol   Meydança  





Xəbər lenti