Zəfər tariximiz regionlarda təbliğ edilir

Zəfər tariximiz regionlarda təbliğ edilir
  17 Oktyabr 2022    Oxunub:1032
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində Balakən Rayonu Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və Balakən rayonu gəncləri iştirak ediblər.
Çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev təşkilatın fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, ictimai birlik fəaliyyət başladığı gündən etibarən şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının mütəmadi olaraq qayğısına qalır. Eyni zamanda natiq layihə barədə də məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir. Aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsinə həsr olunan birgünlük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər zamanı Balakən, Zaqatala, Qax və Şəki rayonlarında şəhid və qazi ailələri ziyarət olunacaq.

Daha sonra, Balakən rayonu İcra Hakimiyyətinin nümayəndəsi, eyni zamanda II Qarabağ müharibəsi iştirakçısı olmuş Şamil Nuriyev çıxış edərək, şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı haqqında məlumat verib. ATXG Birliyinin Balakən rayonu üzrə sədri Daşdəmirov Şaban da ərazi bütövlüyü uğrunda canından keçmiş hərbiçilərimizə, qəhrəmanlarımıza diqqət və qayğının əhəmiyyətindən danışıb. Həmçinin, şəhid Vahid Əlisultanovun atası Tahir Əlisultanov, "Sizə bir ömür borcluyuq Balakən şəhidləri" kitabının müəlıifi Nəfisət Qarakişiyeva və Şöyüb Mikayılov, polkovnik Cavanşir İsmayılov çıxış edərək öz fikir və təkliflərini irəli sürdülər.

Tədbirdə Zəfər tariximizə həsr olunan vide nümayiş olunub. Sonda Balakən rayonu Şəhidlər Xiyabanı ziyarət edilib və xatirə şəkli çəkilib.






Teqlər:





Xəbər lenti