"Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb"- Emin Hüseynov

 "Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb"-  Emin Hüseynov
  08 Oktyabr 2022    Oxunub:1485
Oktyabrın 8-də Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Dövlət Turizm Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə Naftalanda beynəlxalq elmi konfrans işinə başlayıb.
AzVision.az xəbər verir ki, “Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsidir.

İştirakçılar öncə ulu öndər Heydər Əliyevin abidəsini, həmçinin Memorial Xatirə Kompleksini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirildikdən sonra konfrans açıq elan olunub.

Açılış nitqi ilə çıxış edən Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin, öz ardıcıllığı ilə seçilən və yeni dövrün reallıqlarını özündə ehtiva edən uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın dünya ölkələri arasında böyük nüfuz sahibinə, etibarlı tərəfdaşa və regionda sülhün və stabilliyin qarantına çevrildiyini qeyd edib. O, Naftalanın dünyada unikallığı ilə tanınan müalicəvi turizm potensialı haqqında məlumat verərək hazırda şəhərdə beynəlxalq standartlara cavab verən hotel və sağlamlıq mərkəzlərinin gün ərzində 3400-dən çox insana xidmət göstərmək imkanına malik olduğunu bildirib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov azad olunan ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri haqqında məlumat verərək Qarabağın zəngin turizm potensialının bölgənin yenidən qurulmasında mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb.

Qarabağın hava qapısı hesab olunan Füzuli beynəlxalq hava limanının tikilməsinin bölgənin turizminə töhfə verəcəyini qeyd edən Emin Hüseynov əlavə edib ki, azad edilmiş şəhərlərdə iş imkanlarını təmin etməklə innovasiyaların tətbiqi iqtisadi bərpa və inkişafı hədəfləyir.
Emin Hüseynov deyib ki, Ermənistanın verdiyi mina xəritələri effektli deyil. Xəritələrin effektivliyi 25% olur.

"İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi bu ərazilərinin bərpasını ləngidir. 8 ayda - rekord müddətdə Füzuli aeroportu inşa edilib. Tezliklə Ağdam və Füzulidə 2 xəstəxananın tikintisinə başlanılacaq. Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb. Ağdamda özəl şirkətlər hotel tikintisinə başlayıb. Bu şəhər tamimlə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizminin inkişafına təkan verəcək. Qarabağın təbiəti burda ekoturizmin inkişafına təkan verəcək. 2026-cı ilə qədər Ağdam və Füzuli şəhərlərinin, eləcə də bu rayonların 32 kəndinin bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərə 2025-ci il qədər 1 milyona yaxın turistin səfər etməsi gözlənilir", - natiq qeyd edib.

Emin Hüseynov onu da vurğulayıb ki, ilk mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkün evlərinə qayıdacaq:

"İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələ 2026-cı ilə qədər yekunlaşdırılmalıdır.Burada əsas hədəflərimiz Füzuli və Ağdamın iki şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır. İlk mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkün soydaşımız yeni evlərinə qayıda biləcək”,- Emin Hüseynov fikirlərinə əlavə edib.


Konfransda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naftalanın ölkəmiz üçün həm regional turizmin, həm də sağlamlıq turizminin inkişafı baxımından vacib destinasiya olduğunu, son illərdə investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə Naftalanda həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidənqurulması istiqamətində irimiqyaslı işlər aparıldığını qeyd edib. O bildirib ki, Naftalanın müalicəvi turizm üzrə beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün əlavə turizm xidmətlərin təşkil olunması, kurort və yeni sağlamlıq məhsullarının çeşidinin artırılması önəmli məqamlardandır. Naftalanın Suqovuşanda formalaşdırılacaq turizm kompleksinə məsafə baxımından yaxınlığını vurğulayan Fuad Nağıyev Naftalan-Suqovuşan turizm dəhlizinin inkişaf etdirilməsi üzrə layihələndirmə işlərinin aparıldığını əlavə edib.

Ekologiya nazirliyinin nümayəndəsi Rauf Hacıyev isə qeyd edib ki, 30 illik işğal zamanı meşələrin qırılması, suların çirkləndirilməsi bölgənin ekologiyasına ciddi ziyan vurub.

O, qeyd edib ki, müharibədən dərhal sonra başlanmış bərpa və quruculuq işləri bölgənin ekoloji durumuna da müsbət təsir edəcək.

Rauf Hacıyev Naftalanın turizm potensialı barədə də söz açıb. O, deyib ki, burada regionda ilk dəfə bərpa olunan enerji mənbələrindən istifadə olunub: "Naftalanın mərkəzi parkında günəş enerjisi ilə işləyən lampalar və batareyalar quraşdırılıb. Bu işlər bölgədə daha da genişləndiriləcək. Naftalanda dünyada yeganə sağlamlıqla bağlı muzey yaradılıb. Burda müxtəlif dövrlərdə xəstələrin istifadə etdiyi qoltuq ağacları və müxtəlif əşyalar nümayiş etdirilir".

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov Naftalan nefti barədə danışıb. O qeyd edib ki, məlum neftin ilkin balans ehtiyatı 1 milyon 165 min ton olub, ilkin çıxarıla bilən ehtiyatları 117 min tondur.

SOCAR rəsmisinin sözlərinə görə, 61 min ton ehtiyat qalıb. Hazırda Naftalan neftinin çıxarılmasında mütərəqqi qazma üsullarından istifadə edilməsi nəzərdə tutulub:

"İlk belə quyunun 2023-cü ildə 3500 metr dərinliyində qazılmasını planlayırıq".

Çıxıs edən Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk deyib ki Naftalanla Türkiyənin Sarıqaya bölgəsi qardaşlaşacaqlar.

Onun sözlərinə görə, bu qardaşlaşma turizm sahəsində əməkdaşlıq imkanlarının artırılmasına, qarşılıqlı turist səfərlərinin reallaşdırılmasına imkan verə biər.

İki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Latviya, Litva, Ukrayna, Rusiya, Almaniyadan olan turizm, səhiyyə, sanatoriya-kurort sahələrinin mütəxəssisləri, eləcə də dövlət orqanları, hökumət və ictimai təşkilat nümayəndələri iştirak edirlər.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini İlqar Qasımov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, millət vəkili Anar Məmmədov, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, “PMD Hospitality” MMC-nin baş icraçı direktoru Samir Qurbanov və digər rəsmilər çıxış ediblər. Çıxışlarda ölkəmizin işğaldan azad olunmuş bölgələrində turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, yeni turizm marşrutlarının yaradılması, habelə ölkəmizin sağlamlıq və turizm xidmətlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini xüsusi vurğulanıb.

Daha sonra konfrans işini panel müzakirələrlə davam etdirib. İştirakçılar Naftalan neftindən hazırlanmış məhsullarla, o cümlədən dünyada neftlə rəsm çəkən yeganə rəssam Sabir Çopuroğlunun ustad dərsi ilə tanış olublar.

Konfrans çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Almaniya Tibbi Sağlamlıq Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Tural Tağıyev
AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti