Ağdamın Kəngərli kəndində 639 ailə məskunlaşacaq

Ağdamın Kəngərli kəndində    639 ailə    məskunlaşacaq
  04 Oktyabr 2022    Oxunub:968
Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Ağdam rayonunun Kəngərli kəndinin təməlqoyma mərasimində bildirib.

Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır.

Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Bildirilib ki, kənddə tikinti işlərinin bu il oktyabrın 10-da başlanılması və 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

AzVision.az



Teqlər: Kənd  





Xəbər lenti