"Putin general rotasiyaları ilə uğursuzluqlardan yayınmağa çalışır" - ISW

   "Putin general rotasiyaları ilə uğursuzluqlardan yayınmağa çalışır"  -    ISW
  04 Oktyabr 2022    Oxunub:929
Rusiya prezidenti Vladimir Putin rus ordusunun Ukraynanın Xarkov vilayətindəki son və gələcək hərbi uğursuzluqlarının günahını öz üzərindən atmağa çalışır. Bunun üçün o, Müdafiə Nazirliyindəki kadr dəyişikliyi proseslərindən yararlanır.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Qeyd olunur ki, general-leytenant Roman Berdnikov son bir neçə ayda Xarkov vilayətinin şimal-şərqində fəaliyyət göstərən Qərb Hərbi Dairəsinin (ZVO) komandiri postunda olan general-polkovnik Aleksandr Juravlevi əvəzləyib.

Rusiya Sibir və Suriyadakı hərbi kontingenti Ukraynaya cəlb edir
"Juravlev uzun müddətdir ki, görünmür. Putin iki həftə ərzində "Qərb qoşunları qrupu"nun iki komandirini dəyişib. Ola bilsin ki, o, Rusiyanın Xarkov vilayətində və Liman şəhərindəki itkiləri ilə bağlı artan qəzəbini yeni məsul şəxsi təyin etməklə başqa istiqamətə yönəltməyə çalışır", - analitiklər hesabatda yazıblar.

Bundan əlavə, bu son yerdəyişmə Mərkəzi Hərbi Dairənin (ÇVO) komandanı general-polkovnik Aleksandr Lapini Rusiyanın Liman ətrafındakı son uğursuzluqlarına görə tənqidlərdən qorumaq cəhdi də ola bilər.

"Putin ola bilsin ki, Rusiyanın Xarkov və Luqansk bölgələrində gələcək itkilərin günahını Berdnikovun üzərinə atmağa cəhd etsin. Son günlər Lapinin tənqid olunması Rusiya informasiya məkanında parçalanmanın daha geniş yayılması üçün katalizator rolunu oynayıb. Berdnikovun təyinatı bu artan narazılığı başqa istiqamətə yönəltmək məqsədi də daşıya bilər", - hesabatda yazılıb.

Xatırladaq ki, Kiyev Liman şəhərini geri qaytarandan sonra Çeçenistan rəhbəri Ramzan Kadırov Baş Qərargahın ört-basdır etdiyi general-polkovnik Lapini “heç nəyə yaramayan” adam adlandırmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   General   Putin  





Xəbər lenti