Ərdoğan Paşinyanla nələri müzakirə edəcək?

   Ərdoğan Paşinyanla nələri müzakirə edəcək?
  04 Oktyabr 2022    Oxunub:325
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsini müzakirə edəcək. Bu barədə “Sabbah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu barədə oktyabrın 1-də parlamentdə Ərdoğanın özü məlumat verib.

Bundan əvvəl KİV-də Ermənistan və Türkiyə liderlərinin Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində planlaşdırılan görüşü barədə məlumat yayılıb. Ermənistan bu xəbəri dolayısı ilə təsdiqləyərək belə bir ehtimalı rədd etməyib. Nəşrin məlumatına görə, görüş oktyabrın 6-da baş tutacaq.

Türkiyə prezidenti Ermənistanın baş nazirinə ikitərəfli münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşlərini üçüncü ölkələrin ərazisində deyil, növbə ilə Türkiyə və Ermənistanda keçirməyi təklif edəcək.

Ərdoğan həmçinin Paşinyana regionda gərginliyi azaltmaq üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini mümkün qədər tez imzalamağı təklif edəcək.

Xatırladaq ki, iyulun 1-də Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıçın dördüncü görüşü baş tutub. Tərəflər müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının quru sərhədindən mümkün qədər tez keçmək imkanlarını təmin etmək barədə razılığa gəliblər və bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti