“AzerGold”un Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

“AzerGold”un Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib
  30 Sentyabr 2022    Oxunub:1425
30 sentyabr tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsi (KSM Komitəsi) tərəfindən Balakən rayonunda yerli sakinlərlə görüş keçirilib.
AzVision.az xəbər verir ki, “AzerGold” QSC-nin “Köhnəmədən” sahəsinin yaxınlığındakı Gərəkli, Mahamalar, Mazımqaray, Salban kəndlərinin sakinləri ilə keçirilən görüşdə QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov iştirak ediblər.

Sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərin müzakirəsi məqsədilə təşkil edilən görüşdə Xəyyam Fərzəliyev çıxış edərək, “Köhnəmədən” sahəsində yerləşən “Filizçay” polimetal yatağında görülən işlər və yeniliklər barədə geniş məlumat verib. “AzerGold” QSC-nin ən irihəcmli layihələrindən biri olan “Filizçay” yatağının istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların yekunlaşdırıldığını və yatağın beynəlxalq standartların tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin təmin edildiyini bildirən sədr müavini hazırda yatağın filizlərinin optimal zənginləşdirmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatların davam etdirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. X.Fərzəliyev yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimində start verilməsinin, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasının planlaşdırıldığını bildirib. Həmçinin "Filizçay" yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinin hədəf olaraq müəyyən edildiyi vurğulanıb. Bundan əlavə, yatağın istismara verilməsinin 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyi qeyd edilib.

Görüşdə, həmçinin Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov çıxış edərək, “AzerGold” QSC-nin dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübəyə və standartlara əsaslanan fəaliyyətinin təkcə Balakən rayonunun deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına kifayət qədər müsbət təsirləri olacağına əminliyini ifadə edib.

Tədbirdə yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində “AzerGold” tərəfindən icra edilməkdə olan sosial layihələr barədə də məlumat verilib. Bildirilib ki, QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində həyata keçirilən tədbirlər dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, hasilat fəaliyyəti aparılan bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Komitə sədri müraciətlərin nəzərə alınması və müvafiq addımların atılması üçün tapşırıq və tövsiyyələrini verib. Tədbirin sonunda isə kənd sakinlərinin sosial ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu keçirilib.

Qeyd edək ki, KSM Komitəsi tərəfindən Cəmiyyətin fəaliyyət göstərdiyi bölgələrdə yerli sakinlərlə ənənəvi görüş və sorğuların təşkili davam etdiriləcəkdir.





AzVision.az



Teqlər: Görüş   Balakən  





Xəbər lenti