"Paşinyan KTMT-dən çıxmağa çalışır" - Erməni qəzeti

 "Paşinyan KTMT-dən çıxmağa çalışır" -  Erməni qəzeti
  30 Sentyabr 2022    Oxunub:1137
Son zamanlar Ermənistan-Rusiya münasibətləri xeyli gərginləşib. İrəvanda anti-Rusiya aksiyaları keçirilir, "Surmalu faciəsi"ndə Kreml izləri axtarılır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanı saya salmaması belə Moskva ilə əlaqələndirilir.
Hətta iş o yerə çatıb ki, baş nazir Nikol Paşinyan dünən müttəfiqlərin onlara silah satmaqdan boyun qaçırdığını deməklə Moskvaya açıq şəkildə söz atıb. Çünki Ermənistan həmişə və ən çox silahı Rusiyadan alıb. Bu gün isə "Jam" saytı gündəmə çevrilmiş bu mövzu ilə bağlı maraqlı və diqqətçəkən təhlil yazısı dərc edib.

Yazıda bildirilir ki, bu yaxınlarda Nikol Paşinyan Moskvanın Ermənistanı "Azərbaycanın hücumları"ndan kifayət qədər qorumadığını əsas gətirərək, Rusiyaya qarşı addımlarını xeyli sıxlaşdırmaq qərarına gəlib. Nümunə kimi isə Ermənistanın silah almağa kifayət qədər pulunun olduğu halda KTMT liderlərinin buna imkan vermədiyi iddiasını göstərib.
Ermənistana "silah satmayan müttəfiqi" kimdir?

"Nə üçün o, KTMT ilə Moskvanı tənqid etməyə başlayıb? Paşinyanın ittiham dolu bu iddiaları Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan və keçmiş müdafiə naziri David Tonoyan tərəfindən dərhal təkzib edildi. Hər ikisi təkid edirdi ki, KTMT-yə üzvlük Ermənistanın başqa ölkələrdən silah və sursat almasına heç vaxt mane olmayıb. Robert Köçəryan hətta onun hakimiyyəti dövründə nələrin alındığını konkret misal gətirib. Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə İrəvan Çindən bir neçə növ silah alıb. Bu gün isə Ermənistanın Hindistandan silah və sursat almağa hazırlaşdığı xəbəri yayıldı. Belə çıxır ki, Paşinyanın yalan dolu bu açıqlaması ona görə ortaya atılıb ki, o, KTMT-ni tənqid edərək, tamam başqa tapşırıqları rahat şəkildə yerinə yetirə bilsin",- müəllif yazıb.

Hamı bilir ki, KTMT formal strukturdur. Bu təşkilata üzvlük həmişə daha çox Ermənistan üçün vacib amil sayılıb. Çünki belə olan halda ermənilər Rusiyadan ucuz silah-sursat ala bilirlər. Elə erməni analitik də bunu yazıb: "Əks halda, son iyirmi ildə öz neft gəlirlərini milyardlarla dollarlıq silah və sursat almağa sərf edən zəngin Azərbaycana müqavimət göstərə bilməzdik. Paşinyanın indiki qəribə addımlarına gəlincə, onun Ermənistanın bu strukturdan çıxması üçün zəmin hazırlaması ilə bağlı şübhələr yaranıb. Bəs baş nazirin bu gedişi bizə hansı təhlükələr gətirə bilər? Bu barədə başqa vaxtı ətraflı yazacağam. Sadəcə olaraq, Nikol öz qərarını Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin hakimiyyətdə olarkən davrandığı tərzdə ortaya atıb . O “kənarda” müəyyən dairələrə vədlər verib, onları təkbaşına sakitləşdirməyə çalışıb... Amma Gürcüstandan fərqli olaraq, bu addım bizə qat-qat baha başa gələcək. Bu proseslərin ağır nəticələrini qiymətləndirmək belə çətin olacaq! Onun niyə belə bir qərar verdiyi artıq hər kəsə bəllidir".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Rusiya   KTMT   Silah  





Xəbər lenti