Rus moderator erməni naziri "sancdı" - İrəvanın mərkəzində qəribə sual

      Rus moderator erməni naziri "sancdı" -    İrəvanın mərkəzində qəribə sual
  23 Sentyabr 2022    Oxunub:1046
Xəbər verdiyimiz kimi İrəvanda “Rusiya-Ermənistan biznes dialoqu-2022” adlı biznes forum keçirilib. Tədbirdə Rusiya və Ermənistan rəsmiləri ilə yanaşı iki ölkənin iş adamları da iştirak ediblər. Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan, iqtisadiyyat naziri Vahan Kerobyan, nazir müavinləri və digər səlahiyyətlilərin qatıldığı forumda qalmaqallar yaşanıb.
"Hraparak" nəşrinin məlumatına görə, tədbirin moderatoru, “Rossotrudniçestvo”nun rəhbəri olan Yevgeni Primakov forumun açılış və bağlanışında açıq-aşkar siyasi çalarları olan tikanlı sözlər səsləndirib.

O, əvvəlcə tədbirin açılışı zamanı zarafatla deyib ki, “Bizim tərcüməçimizdə hər şey qaydasındadır, heç bir problem yoxdur”. Rusiyalı moderator bu atmacası ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri zamanı yaşanmış tərcümə problemlərinə eyham vurub.

"KTMT-dən çıxmalıyıq, Rusiya bizə silah satmır" - Sarkisyan
Primakov erməniləri mədəni şəkildə aşağılamaq üçün tədbirin sonunda da tikanlı ifadələrindən qalmayıb. O, Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyana ruslarla əməkdaşlığı dayandırmayacaqlarına və indiki formatı tərk etməyəcəklərinə ümid bəslədiyini deyib. "Hraparak" nəşri yazıb ki, “Rossotrudniçestvo”nun rəhbəri çox güman ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı gedən danışıqlara işarə edib. Kerobyan isə bu siyasi atmacaya təəccübləndiyini gizlətməyib. O, rusiyalı moderatorun fikirlərinə “Primakov çox qəribə sual verir” cavabını verib. Erməni nazir həmçinin onların tərəfində belə bir niyyətin olmadığını ətraflı şəkildə izah etməyə başlayıb.

Qeyd edək ki, son iki ayda Ermənistanda anti-Rusiya ab-havası artıb. Ölkədə Vladimir Putinin, Ukraynada aparılan müharibənin əleyhinə aksiyalar keçirilir, hətta yerli mediada Surmaluda baş vermiş partlayışda "rus izləri" axtaran təhlil yazıları dərc edilir. Bu da azmış kimi İrəvanın son sərhəd təxribatlarından sonra Ermənistanın KTMT-dən çıxması məsələsi tez-tez gündəmə daşınır. Moskva ilə İrəvan arasında soyuqluğu gücləndirən mühüm hadisələrdən biri isə Nensi Pelosinin gözlənilmədən İrəvana səfər edib burada arzuolunmaz bəyanatlar səsləndirməsi oldu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   KTMT  





Xəbər lenti