Mərkəzi Bank nədən ehtiyatlanır? – TƏHLİL

Mərkəzi Bank nədən ehtiyatlanır? – TƏHLİL
  03 May 2014    Oxunub:2369
Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 4,75%-dən cəmi 0,5% səviyyəsinə azaltması ölkədə sərt pul-kredit siyasətinin davam etdirildiyinə daha bir sübutdur. İlin əvvəlindən banklara istehlak kreditlərini məhdudlaşdırmaq barədə verilən tövsiyəyə əsasən də yazmışdıq ki, bu, bütövlükdə pul-kredit siyasətinin sərtləşdirilməsi deməkdir. Məqsəd isə enerji sektorunda qiymət islahatına rəğmən, inflyasiyanı nəzarətdə saxlamaq, əhalinin pul gəlirlərini sığortalamaqdan ibarətdir.

Belə ki, ölkədə keçən ilin dekabrın 3-dən yanacaq məhsullarının - benzinin və dizelin qiymətlərinin artırılması istehlak bazarında müəyyən ajiotaj yaranacağı təhlükəsi meydana çıxartmışdı ki, üstəlik, kommunal xidmət tariflərinin – işığın, qazın, suyun qiymətlərinin də artırılacağı ehtimal edilirdi.

AMB isə ölkədə inflyasiyanı bu il də birrəqəmli səviyyədə (3,5%) saxlamağı nəzərdə tutmuşdu. Bu da bir çox vəzifələrlə yanaşı, dövriyyədə nəğd pul kütləsinə nəzarəti qarşıya məqsəd qoyurdu ki, AMB-nin 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında da pul kütləsinin artım tempinin inflyasiyaya təsir edən amillərdən olduğu deyilirdi. Bunun üçün isə tələb olunan şərtlərdən biri istehlak kreditllərinə nəzarəti gücləndirməkdən ibarət idi. Sözümüz bunda deyil.

Ötən müddət göstərdi ki, qeyd olunan istiqamətlərin heç biri üzrə dəyişiklik yoxdur və inflyasiyaya əvvəlkitək ciddi nəzarət mövcuddur. Təsadüfi deyil ki, AMB-in son açıqlamasında strateji valyuta ehtiyatlarının artmaqda olduğu, makroiqtisadi sabitliyin möhkəmləndiyi, inflyasiyanın daha da azaldığı, orta illik inflyasiya səviyyəsinin I rübdə cəmi 2 % təşkil edərək manatın məzənnəsinin sabitliyinin qorunmasında mühüm rol oynadığı qeyd edilib.

Sual yaranır ki, bəs, uçot dərəcəsi niyə 4,75-dən cəmi 0,5 % aşağı salındı? Bunu yüksək səviyyədə həyata keçirtmək olmazdımı? AMB-in bu sahədə hələ də ehtiyatla hərəkət etməsi nədən irəli gəlir?

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bundan hələ xeyli əvvəl 2012-ci ilin sonunda - 10 dekabr 2012-ci il tarixdən uçot dərəcəsinin səviyyəsi 5,25 %-dən 5 %-ə endirilən zaman bunun sözügedən istiqamətdə daha ciddi eniş üçün başlanğıc olacağı qeyd edilmişdi. O vaxt AMB sədri Elman Rüstəmov da uçot dərəcəsinin daha da azaldılacağını söyləmişdi.

Ancaq AMB İdarə Heyətinin ölkədə inflyasiyanın həddindən artıq az təşkil etməsi və manatın məzənnəsinin də möhkəm şəkildə sabit qalması müqabilində 11 fevral 2013-cü il tarixdən uçot dərəcəsinin səviyyəsini 5 %-dən 4,75 %-ə endirmək haqda növbəti qərarı yenə məhz cəmi 0,25 % təşkil etməsi baxımından təəccüb doğurdu. Ona görə ki, hər dəfə sözügedən addımın inflyasiyanın optimal səviyyədə olması nəzərə alınmaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaradılması və bu yolla da qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçün atıldığı bildirilsə də, bundan da böyük rəqəmlərlə dəyişikliklərin edilməsinə rəğmən, ən azı ölkədə kommersiya bankları tərəfindən təklif olunan kreditlərin faiz dərəcələrinə təsir etmədiyi müşahidə edilirdi. Odur ki, hələ həmin zamanda 0,25 % endirim əslində, olduqca az idi.

Buna baxmayaraq, düz 1 ildən çox idi uçot dərəcəsi endirilmirdi. Ancaq banklara istehlak kreditlərini məhdudlaşdırmaq barədə irəli sürülən tövsiyədən sonra belə bir addımın atılacağı gözlənilirdi. İstehlak kreditlərinin verilməsini məhdudlaşdırmaq kommersiya banklarını daha güclü və sağlam maliyyə qurumuna çevirmək məqsədi daşıyır ki, bu da onları iri infrastruktur, sənaye, istehsal və xidmət layihələrinin maliyyələşdirilməsinə cəlb etməyi və bu yolla artmalarını ehtiva edir.

Yeri gəlmişkən, AMB-in sözügedən tövsiyəsindən sonra bank sektorunun kapitallaşma səviyyəsi və aktivləri artmışdır. Belə ki, cari ilin fevralında ölkənin bank sektorunun kapitallaşma səviyyəsinin keçən ilin anoloji dövrü ilə müqayisədə 28,7% artaraq, martın əvvəlinə 3,36 milyard manat, martın 1-nə olan vəziyyətə görə bank sektorunun aktivlərinin isə keçən ilin eyni dövründə qeydə alınan 1,67 milyard manata qarşı 2,08 milyard (24,65 % çox) təşkil etdiyi deyilir. Düzdür, yanvar-fevral ayları ərzində zərərlə işləyən bankların sayı da artmışdır. Ancaq bu, ciddi rəqəm deyil.

Digər tərəfdən, real sektorun kreditləşdirilməsinin artdığı da bildirilir. Bu, özünü hüquqi şəxslər tərəfindən borc vəsaitlərinin alışında göstərir. Son 1 ilin ərzində istehsal və sənaye sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə verilən kredit həcmi 58% artıb ki, rəqəmlərə əsasən, keçən ilin mart ayında ümumi kredit qoyuluşunun həcmi hesabat dövrü ərzində 1,139 milyard manat təşkil etmişdisə, bu ilin fevral ayında 1,801 milyard olub.

AMB-in valyuta ehtiyatları da yaxşı səviyyədədir. Ötən ayın əvvəlinə qurumun rəsmi valyuta ehtiyatları 14 715,7 milyon dollara çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 4 %-ə qədər, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 19,3 % artım deməkdir. 2014-cü ilin 1 yanvar tarixinə AMB-in valyuta ehtiyatları 14 152 milyon, fevral ayının 1-nə isə 14 219,3 milyon dollar təşkil edərək martın əvvəlinə 14 444,8 milyon idi.

Odur ki, AMB uçot dərəcəsinin səviyyəsini bir az böyük rəqəmlə aşağı salsaydı əslində, daha məqsədəuyğun idi. Ona görə ki, ölkədə iqtisadiyyatın inkişafını dəstəkləmək üçün real olaraq bütün istiqamətlər üzrə geniş imkanların olduğu, həmçinin real sektoru maliyyələşdirməyə tələbin də xeyli artdığı göz qabağındadır.

Ancaq görünür, AMB yenə ehtiyatlı olmağı üstün tutur. Bu da ondan irəli gəlir ki, kommersiya banklarının fəaliyyətlərinə birbaşa təsir imkanları məhdud olaraq qalır. Söhbət, iqtisadi yolla maliyyə resurslarına təsirdən gedir. Əks təqdirdə, yuxarıda sadalanan bütün müsbət amillər və şərait fonunda iqtisadiyyata kredit qoyuluşuna olan real tələblərə əsasən, uçot dərəcəsi daha kəskin şəkildə aşağı salınardı.

Əhalidən cəlb olunan vəsaitlərə gəldikdə, bu sahədə vəziyyət nə qədər qənaətbəxş olsa da, həmin resurslarla ucuz və uzunmüddətli kreditləşdirmə həyata keçirtmək mümkün deyil. Bundan əlavə, depozitlərin kommersiya banklarının müştərilərə təklif etdikləri kreditlərin faiz dərəcələrnə təsiri də azdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti