"Benzinin qiyməti multiplikativ effekt doğurmayacaq"- Pərviz Heydərov

   "Benzinin qiyməti multiplikativ effekt doğurmayacaq"-    Pərviz Heydərov
  13 İyul 2022    Oxunub:1091
"Azərbaycanda “Aİ-95” və “Aİ-98” markalı benzin növlərinin qiymətlərinin müvafiq olaraq 25 % və 21 % bahalaşması multiplikativ effekt doğurmayacaq". Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. Onun sözlərinə görə, ölkəmizdə istehlak olunan benzin markaları arasında adı çəkilən benzinlərin payı cüzidir.
“Konkret olaraq “Aİ-95”i götürsək onun satışı son illər ərzində xeyli dərəcədə aşağı düşüb. Belə ki, 4 il bundan əvvəl ümumi istehlakda “Aİ-95” benzinin payı 10% təşkil edirdisə hazırda bu göstərici 8,5-8,8%-a düşüb. “Aİ-98” markalı benzinin bazar payı bundan da aşağıdır. Yəni Azərbaycanda əsas etibarı ilə “Aİ-92” markalı benzindən və dizel yanacağından istifadə olunur. Onların qiymətlərində isə hər hansı dəyişiklik baş verməyib. Belə bir şəraitdə “Aİ-95” və “Aİ-98” markalı benzinlərin bahalaşması multiplikativ effekt doğurmamalıdır. Bunun üçün heç bir iqtisadi əsas yoxdur”,- Pərviz Heydərov bldirib.

Ekspert diqqətə çatdırıb ki, “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətlərinin artımı gözlənilən idi: “Dünyanın əksər ölkələrində yanacaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənmir. Qlobal miqyasda yanacağın qiyməti neftin qiymətinə əsaslanır və onun qiymətində baş verən dəyişikliklərə müvafiq şəkildə reaksiya verir. Yəni neftin qiyməti artanda yanacaq bahalaşır, azaldıqda isə ucuzlaşır. Xeyli vaxtdır bir sıra faktorların təsiri altında qlobal miqyasda neftin qiymətlərinin kəskin artması müşahidə edilirdi. Son olaraq Rusiya ilə Ukrayna arasında başlayan münaqişə həmin prosesi baha da tətikləmiş oldu. Neftin qiyməti uzun müddətdir ki, 100 ABŞ dollarının üzərində idi. Nəzərə alsaq ki, Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzini xaricdən alır onların qiymətinin artacağı gözlənilən idi. Bunu dünya bazarında yaranmış konkret iqtisadi şərait diktə edir və bu baş verdi”.


Teqlər:





Xəbər lenti