ASAN könüllüləri şəhid Raquf Orucovun əziz xatirəsini yad ediblər

ASAN könüllüləri şəhid Raquf Orucovun əziz xatirəsini yad ediblər
  12 İyul 2022    Oxunub:1482
"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, "ASAN Könüllüləri" Təşkilatının və "ASAN Radio"nun birgə təşkilatçılığı ilə Ağdamda yerləşən Şahbulaq ərazisində və vaxtı ikən Raquf Orucovun komandirlik etdiyi N saylı hərbi hissədə "Murov qartalı" şəhid Raquf Orucovun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbir həyata keçirilib.
Tədbir hərbi orkestrin Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb.

Mərasimdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Millət vəkili Ceyhun Məmmədov, "ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Komandir" romanının müəllifi Şərif Ağayar, Qarabağ qazisi Səyyaf Əhmədov, Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Etibar Camalov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Həmkarlar Komitəsinin sədri Rəşad Səfərov və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd böyük zəfərin başlanğıcı olan Aprel döyüşlərində qəhrəmancasına şəhid olan "Murov qartalı" ləqəbi ilə yaddaşımıza həkk olunan polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsini yad etməkdir.

Daha sonra könüllülər Raquf Orucovun hərbi xidmət yoldaşları ilə görüşüblər. Onlar könüllülər ilə Raquf Orucovun xatirələrindən danışaraq onun necə mərd, qəhrəman və vətənini canından çox sevən bir komandir olduğunu bildiriblər.

Tədbir çərçivəsində həmçinin N saylı hərbi hissədə xidmət göstərən cəsur əsgərlərimizə "Əsgərə Məktub" layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən ünvanlanan məktublar və "Əsgərə Kitab" aksiyası çərçivəsində toplanan kitablar təqdim olunub.





AzVision.az



Teqlər: Şəhid  





Xəbər lenti