Xaçmazdakı yanğın nəzarətə götürülüb- YENİLƏNİB-3

Xaçmazdakı yanğın nəzarətə götürülüb-  YENİLƏNİB-3
  11 İyul 2022    Oxunub:3010
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğını Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər, qüvvələrin koordinasiyalı və effektiv tətbiqi sayəsində nəzarətə götürmək mümkün olub.
AzVision.az bu barədə FHN-ə istinadən xəbər verir. Hazırda ətraf ərazilər, o cümlədən ictimai-iaşə və kommunikasiya obyektləri üçün təhlükə yoxdur. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Həmçinin, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın nəzarətə götürülüb və hazırda soyutma tədbirləri görülür.

Yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Xaçmaz rayonunda yanğın baş verən ərazidəki mülki şəxslər təxliyə edilib və bütün mülki obyektlər yanğından mühafizə edilib.
AzVision.az xəbər verir ki, bunu FHN-nin Şimal Regional Mərkəzin baş zabiti Ramil Güliyev bildirib.

O, qeyd edib ki, hazırda yanğının söndürmə işləri davam etdirilir.

Yanğın olan əraziyə FHN-nin Şimal Regional Mərkəzinin, Xaçmaz rayon İcra Hakimiyyətnin və Xaçmaz rayon Polis Şöbəsinin şəxsi heyəti və canlı qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

AzVision.az xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşə ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.


FHN-dən AzVision.az-a bildirilib ki, rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikası əraziyə cəlb olunub

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xaçmazda meşə massivində yanğın başlayıb.


AzVision.az xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarındakı ərazidə qeydə alınıb. Əraziyə Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda Gəndob-Yalama yolunun yanğın baş verən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.



AzVision.az



Teqlər:





Xəbər lenti