“AzerGold”un istehsal və ixrac imkanları artırılır

“AzerGold”un istehsal və ixrac imkanları artırılır
  01 İyul 2022    Oxunub:2818
Bu ilin may ayında “AzerGold” QSC 5,1 min unsiya qızıl və 13,9 min unsiya gümüş, yanvar-may aylarında isə 20,3 min unsiya qızıl və 67,8 min unsiya gümüş hasil edib.
AzVision.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, mayda 4,8 min unsiya qızıl və 11,4 min unsiya gümüş, yanvar-mayda isə 17,3 min unsiya qızıl və 52,3 min unsiya gümüş ixrac edilib. Beynəlxalq birjalarda satışı nəticəsində ölkə iqtisadiyyatına 58,4 milyon manat vəsait cəlb edilib.

Bununla belə, 2022-ci ilin 5 ayı üzrə hasilat və ixrac göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə müəyyən qədər az olub. Bu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədardır. Belə ki, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və dayanıqlı hasilatın təmin edilməsi məqsədilə cari il ərzində icra olunan yenidənqurma işləri çərçivəsində ÇİRES-də mövcud qırıcı və konveyer xətlərinin süxurkeçirmə qabiliyyəti artırılaraq, müəssisənin istehsal imkanları yüksəldilib. Nəticədə, əvvəlcə xırdalama sahəsində saatda 210 ton filiz emal edilirdisə, optimizasiya işlərindən sonra qeyd olunan həcmin 43% artırılaraq saatda 300 tona çatdırılmasına nail olunub. Beləliklə, optimizasiya işləri hasilat və ixracatın cari ilin 3-cü rübündən etibarən artırılmasına və ötən ilin yekun göstəricilərindən daha artıq icra edilməsinə imkan yaradacaq.

Hazırda mövcud topa aşındırma üsulu ilə işləyən emal zavoduna əlavə olaraq, tranzit və sulfid filizlərinin emalı üçün çən aşındırma üsulu (Carbon in Leach - CIL) ilə fəaliyyət göstərəcək yeni emal zavodunun tikintisi də sürətlə davam etdirilir. 2022-ci ilin sonu-2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh”, “Ağyoxuş-2”, “Tülallar” və onun cinah sahələrindən çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.

AzVision.az



Teqlər: AzerGold   Hasilat  





Xəbər lenti