Deputatlarımız hansı seriallara baxır? - SORĞU

Deputatlarımız hansı seriallara baxır? - SORĞU
  22 Aprel 2014    Oxunub:1375
Ötən ilin aprelində prezident İlham Əliyev milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, teleserialların çəkilişi üçün Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat pul ayrılıb.

Ölkə başçısının müvafiq sərəncamından sonra, yerli telekanallar tərəfindən bir sıra teleseriallar çəkilməyə başlayıb. Lakin, buna baxmayaraq Azərbaycan tamaşaçısı serial seçimində daha çox türk, rus, eləcə də xarici seriallara üstünlük verir. Bu isə öz növbəsində dövlət tərəfindən milyonlarla pulun ayrıldığı kino bazarının Azərbaycanda hələ də müasir dövrün tələbinə uyğun şəkildə formalaşmadığından xəbər verir. Söz yox ki, bu bir çox obyektiv və subyektik səbəblərdən irəli gəlir. Bu gün Azərbaycanın ucqar kəndindən tutmuş paytaxta kimi kimdən soruşsan ən çox baxdığınız serial hansıdır, tam əminliklə deyə bilərik ki, bu siyahıda `Möhtəşəm yÜz yıl`, `Kurtlar Vadisi`, `Çalıquşu`, `Medcezir`,`Kurt Seid və Şura` və bu kimi məşhur türk seriaların adlarını eşidəcəksiniz. Azərbaycan istehsalı olan serialları tanıyanlar isə yəqin ki, barmaqla sayılası qədər olar.

Belə deyək ki, Azərbaycanın əksər tamaşaçısı televizoru yandıranda, serial görürsə, dərhal kanalı dəyişdirir.

Maraqlıdır, deputatlarımız necə, Azərbaycan istehsalı olan seriallarımızı izləyirlərmi?

AzVision.az bununla bağlı Milli Məclisin deputatları arasında sorğu keçirib.

Deputat Zahid Oruc hesab edir ki, Azərbaycanda güclü teleseriallar çəkilmir: Bu baxımdan deputat yerli seriallara baxmır.

“Azərbaycan teleseriallarına baxmıram və onların çəkilmə prinsiplərini- sujet xəttini, ssenarisini, aktyor seçimlərini çox da güclü hesab etmirəm. Ona görə də, təəssüf ki, baxmıram”.

Xanım millət vəkili Jalə Əliyeva isə əksinə, son vaxtlar Azərbaycanda daha keyfiyyətli teleserialların çəkildiyini deyir.

“Seriallar çox vaxt günorta saatlarında olur, daha çox evdar xanımlar izləyə bilirlər. Bizim işimiz stabil olmadığına görə, tam izləyə bilmirəm. Bu fikri Milli Məclisdə büdcə müzakirəsi zamanı da irəli sürdüm. Cənab Prezidentin telekanallara, filmlərin çəkilməsi üçün ayırdığı vəsait çox yararlı olub. Arada gözümə dəyəndə, müəyyən serialları 5-10 dəqiqə izləyəndə belə artıq bir fikir yaranır ki, irəliyə doğru sıçrayış var. Yəni, aktyor oyununda boğazdan yuxarı səsləniş yoxdu, təbiilik hiss olunur. İnteryerdə yaxşı dekorasiyalardan istifadə edə bilirlər. Düşünürəm ki, bütün bunlar bu sahəyə həm ayrılan vəsait, həm də göstərilən diqqətin nəticəsidir. Yenə də deyirəm, teleserialları tam izləmirəm, artıq Azərbaycanda keyfiyyətli teleseriallar çəkilməyə başlanıb”.

Deputat Mübariz Qurbanlı isə teleseriala baxmağı vaxt itkisi hesab edir:

“Ümumiyyətlə, teleserialların heç birinə baxmıram. Nə Azərbaycan kanallarında, nə də xarici telekanallarda. Teleseriala baxmaqla vaxt itirə bilərəm, çünki baxdınsa, gərək ardıcıl baxasan. Demirəm teleseriala baxmaq pis şeydi, amma baxırsansa gərək axıra kimi baxasan. Mən filmləri sevirəm, uzağı 2 serialı filmləri. Amma teleseriallara baxmağa nə vaxtım var, nə də həvəsim”.

YAP təmsilçisi, deputat Aydın Mirzəzadə Azərbaycan teleseriallarında milli dəyərlərdən əsər-əlamət olmadığından şikayətlənib:

“Azərbaycan seriallarının çəkilməsi haqqında qərar qəbul ediləndə çox sevindim ki, Azərbaycanın milli dəyərlərinə söykənən, ölkədə bu günkü gündə gedən prosesləri göstərən seriallar çəkiləcək. Teleseriallara baxmıram. Niyə baxmadığıma gəlincə, birincisi vaxtım yoxdur, ikincisi isə baxdıqlarım seriallarda milli dəyər görmürəm: yenə də kriminal qarşıdurmalar, mətbəx söhbətləri, xarici əhval-ruhiyyənin sadəcə personaj adları dəyişdirilməklə süni surətdə azərbaycanlaşdırılması... Bəlkə də yaxşıları çəkilir, xəbərim yoxdur”

Milli Məclisin digər deputatı Aqil Abbas 2-3 ildən sonra Azərbaycanda keyfiyyətli teleserianların ekranlaşdırılacağını düşünür:

“Seriallar baxmağı xoşlamıram. Rastıma çıxanda ATV-də “Bacanaqlar” serialına baxıram. Düzdür, seriallarımız bizim istədiyimiz normada deyil. Amma biz iki ildir başlamışıq axı serial çəkməyə. Ona rejissorlar, aktyorlar, operatorlar yetişməlidir. Bu kino deyil ki, böyük rejissorlarımız, aktyorlarımız olsun. Serial çəkmək çətin bir məsələdir. Ssenarilərin yazılması lazımdır. Heç bir böyük bir yazıçımız, ssenaristimiz, dramaturqumuz serial ssenarisi yazmır. Vaxtlarımı çatmır, ya həvəslərimi yoxdur, bilmirəm. Ona görə də ssenari müəllifləri yetişməlidir. Birdən-birə istəyirik ki, bizim seriallarımız da getsin türkün, rusun serialları səviyyəsində olsun. Ona görə də, mən bu gün bizim çəkilən serialları tənqid edənlərə deyirəm ki, “qardaş bu birinci sinifdə oxuyur hələ hesab dərsini bilmir, əlifbanı təzə öyrənir”. Mən bir yazıçı kimi seriallar qarşı dərhal hücum edənlərə demək istəyirəm ki, imkan verin, onlar bunu edə bilməyəcək axı? Həmin serialları tənqid eləmək lazımdır, səhvini göstərmək lazımdır. İnanıram ki, 2-3 ilə Azərbaycanda yaxşı seriallar çəkiləcək”.

Deputat Azay Quliyev ümumiyyətlə seriala baxmır:
“Vaxtım olmur baxmağa. Ona görə, Azərbaycan teleserialları haqqında heç bir məlumatım yoxdur”.

Millət vəkili Fazil Mustafa son vaxtlar heç bir seriala baxmadığını deyir:

“Ümumiyyətlə, teleseriala baxmağı xoşlamıram. Nə Azərbaycan, nə də türk seriallarına baxıram. Rusiya teleseriallarına bəzən baxırdım, indi onu da dayandırmışam”.

Deputat Əli Məsimli də seriallardan çox televiziyada efirə gedən xəbərlər proqramına üstünlük verir:

“Televiziyada daha çox xəbərlər və idman verilişlərinə baxıram. Teleseriallara isə ümumiyyətlə baxmıram”.

Millət vəkili Siyavuş Novruzov uzun zamandır heç bir teleseriala baxmadığını deyir:

“Möhtəşəm teleseriallar var, amma yenə də heç birinə baxmıram”.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti