Deputat: "Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdə inamla irəliləyir"

      Deputat:    "Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdə inamla irəliləyir"
  02 İyun 2022    Oxunub:1195
Bu gün Azərbaycan regionun əsas siyasi mərkəzi olmaqla yanaşı, eyni zamanda, enerji mərkəzinə də çevirilib və Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır.
Bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib. S.Mikayılova bildirib ki, hazırda paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.

"İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edir ki, bu da Bakıda keçirilən tədbirə böyük marağın olduğunu göstərir. Pandemiya və ondan sonrakı dövrdə dünyada baş verən hərbi-siyasi proseslər enerji təhlükəsizliyinin nə qədər əhəmiyyətli olduğunu sübut etdi.

Qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol sahiblərindən olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə vacib layihələr həyata keçirir. Dünyada təbii qaza olan tələbat Cənub Qaz Dəhlizi layihəsinin önəmini daha da artırdı", - deputat qeyd edib.

S.Mikayılova onu da əlavə edib ki, bu gün Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir. Cənub Qaz Dəhlizi layihəsi də həm Azərbaycan, həm də Avropa İttifaqı üçün sülh və etibarlı iqtisadi əməkdaşlıq proqramlarının müasir Yol xəritəsi hesab edilə bilər: "Cənub Qaz Dəhlizinin reallaşması sözsüz ki, Azərbaycanın təşəbbüskarlığı və qətiyyəti sayəsində baş tutdu. Bu gün isə bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür".

Deputat qeyd edib ki, hazırda Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas tərkib hissələrindən biri də “yaşıl enerji”dir. Bu istiqamətdə Azərbaycan uzunmüddətli hədəflər müəyyənləşdirib və bu istiqamətdə uğurlu layihələr həyata keçirilir. 2030-cu ilədək Azərbaycan “yaşıl artım” ölkəsinə çevrilməyi və ətraf mühitin təmizliyinə nail olmağı planlaşdırır.

"Ölkəmizdə olan sabitlik və əlverişli biznes mühiti imkan verib ki, Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpa olunan yeni enerji mərkəzlərinin yaradılması üçün iri layihələrin icrasına başlayıb. Xüsusən, işğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir. Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata qədər çata bilər. Görülən işlər və mövcud potensiallar onu deməyə əsas verir ki, Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdə inamla irəliləyir", - S.Mikayılova vurğulayıb.

"Yaşıl enerji"nin Azərbaycana qazandıracağı üstünlüklərə də toxunan S.Mikayılova əlavə edib ki, alternativ enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək: "Beləliklə, Azərbaycan təbii ki, qaz ehtiyatlarına qənaət edərək enerji ixracı imkanlarını genişləndirmiş olacaq. Bu isə ölkəmizə öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, xarici ölkələrə də enerji ixracını əhəmiyyətli dərəcədə artırmaq imkanı qazandıracaq".

AzVision.az



Teqlər: Enerji  





Xəbər lenti