"PREMİUM" markalı benzin bahalaşacaq? - SOCAR aydınlıq gətirdi

   "PREMİUM" markalı benzin bahalaşacaq? -    SOCAR aydınlıq gətirdi
  31 May 2022    Oxunub:1346
Son günlər Azərbaycanda yanacaqdoldurma məntəqələrində "Aİ-95 PREMİUM" markalı benzininin satışının yığışdırıldığı və bunun qiymət artımına səbəb olacağı ilə məlumat yayılır.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən AzVision.az -a verilən məlumata görə, yayılan məlumatlar doğru deyil: "Heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub".

Məlumatda o da qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də Aİ-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, "Aİ-95 PREMİUM" və "Aİ-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq “Aİ-92” markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.

“Aİ-92” markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.

"Aİ-95 PREMİUM" və "Aİ-98 SUPER" markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru dəyişib. Hazırda "A-98" 1,9 manata, "Aİ-95" isə 1,6 manata satılır. Bundan öncə "Aİ-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "Aİ-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti