AZAL zərərlə işləyir: 1,7 milyardlıq ziyan

   AZAL zərərlə işləyir:    1,7 milyardlıq ziyan
  18 May 2022    Oxunub:2030
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ili 76 milyon 415 min manat xalis zərərlə başa vurub.
AzVision.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3 % azdır. Bununla belə, aviaşirkətin yığılmış zərəri 4,5% artaraq 1 milyard 763 milyon 916 min manata çatıb.

2020-ci il AZAL-ın daşımalar üzrə və digər gəlirləri 335 milyon 236 min manat (2019-cu ilə nisbətən 3 dəfə az), koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232 milyon 82 min manat (2019-cu ildə olmayıb), əməliyyat xərcləri 540 milyon 149 min manat (43,1% az), maliyyə xərcləri 83 milyon 966 min manat (24,5% az), xarici valyuta mübadiləsindən zərəri 9 milyon 399 min manat (42,9% çox), mənfəət vergisi ödəmələri isə 10 milyon 219 min manat (48,6% az) təşkil edib.

2021-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 1 milyard 978 milyon 200 min manat olub ki, bu da illik müqayisədə 5,1% azdır. Hesabat dövrünə aviaşirkətin öhdəlikləri 1,5% azalaraq 2 milyard 757 milyon 960 min manata, balans kapitalının çatışmazlığı isə 9% artaraq 779 milyon 760 min manata çatıb.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823 milyon 974 min manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

AzVision.az



Teqlər: AZAL  





Xəbər lenti