ASAN-ın işində asan olmayan yeganə şey

// Cəsarət nə zaman asan olur

   ASAN-ın işində asan olmayan yeganə şey
  14 May 2022    Oxunub:1167
Bugünlərdə ASAN Xidmət fəaliyyətində tətbiq etdiyi yeniliklə bağlı bir videosorğu hazırlamışdı. Amma orada diqqəti xidmətdəki yenilik yox, tamam başqa bir məqam çəkirdi.
Videoda ASAN-ın əməkdaşları vətəndaşlara açıq sual verirlər: "Nədən narazısınız?" Düzdür, bu sualı başqa formada biz çox eşitmişik: “Xidmətimizdən razı qaldınızmı?” Amma o, ictimailəşdirilməyən, daxili istifadə üçün nəzərdə tutulan sorğudur. Bu dəfə isə ictimaiyyətin gözü qarşısında insanlardan açıq şəkildə, çəkinmədən soruşurlar: Nədən narazısınız? Kifayət qədər cəsarətli addımdır.


Daxili istifadə üçün nəzərdə tutulmuş sorğularda mən də bir neçə dəfə respondent olmuşam. Xatırladığım qədərilə, 4 dəfə. Üçündə heç bir narazılığım olmayıb, birində növbələrin çoxluğundan gileylənərək, “Saat yarım gözləyəndə artıq xidmət adama asan görünmür”,- demişdim. Buradan bilirəm ki, video səmimi hazırlanıb – çünki oradakı respondentlər də əsasən növbələrdən şikayətlənirlər.

Bir dəfə isə qapılarını saat 18.00-da bağladığı üçün ASAN Xidməti sosial şəbəkədə tənqid etmişdim. Dərhal da reaksiya almışdım. Sonradan başa düşdüm ki, bu tənqid əslində ASAN-ın xidmətinin səviyyəsi ilə yox, bizim ondan olan gözləntilərimizin böyüklüyü ilə bağlıdır. Bəzən biz gözləntilərimizdə haqsız ola bilirik, bu, “umulan yerdən küsərlər” təfəkküründən doğur.

ASAN Xidmət Azərbaycan cəmiyyəti üçün umulan yerdir, amma atalar sözündəkindən fərqli olaraq, küsdürmür. Nə qədər ağlasığmaz da olsa, heç kimi. Milyonlara insan ondan umur və umduğunu bulur. Onların açıq şəkildə “Nədən narazısınız?” soruşa bilmələrinin səbəbi də elə buradan qaynaqlanır: Özlərinə əmindirlər. Bir anlıq təsəvvür etmək istəyirəm ki, başqa bir dövlət qurumu insanlara “nədən narazısınız” sualını verirlər... Hərçənd, niyə təsəvvür etməliyik ki, qoy, onlar soruşsunlar, biz də baxaq (Şəxsən mən bir-iki nazirlikdən bu sualı səbirsizliklə gözləyirəm!) . ASAN bu yolu açıb, idi onu davam etdirmək lazımdır. Amma eyni səmimiyyət və cəsarətlə - bu, şərtdir.

Təqdim etdiyi yeniliyə gəlincə, ASAN növbə probleminin həllində böyük bir addım atıb: Bundan sonra bir gün qabaqdan növbə götürmək olacaq. Burada məsələnin həllindən daha çox, onun düşünülməsi məni sevindirdi. Demək, pandemiya, müharibə, şəhid və qazilərlə bağlı problemlərin yaratdığı ümumi gərginlik artıq səngiyir, xidmət yenidən mülki həyatın müşküllərinin çözülməsinə qayıdır. Bu o deməkdir ki, ardı gələcək: narazı qaldığımız başqa nəsə tapsaq, o da həll olunacaq. Sabir demişkən, “Hansı müşküldür ki, səbr ilə asan olmasın?!” Sadəcə, ASAN-ın işində müşkül tapmaq asan deyil və bu, onun fəaliyyətində asan olmayan yeganə şeydir.

Vüsal Məmmədov

AzVision.az

Teqlər: ASAN-Xidmət  







Xəbər lenti