Bu il istehlakçı hüquqlarının pozulmasına dair 2000 şikayət daxil olub

   Bu il istehlakçı hüquqlarının pozulmasına dair 2000 şikayət daxil olub
  11 May 2022    Oxunub:858
2022-ci ilin birinci rübündə istehlakçı hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 2 minə yaxın şikayət daxil olub. Şikayətlər əsasında 120 mindən artıq vəsait istehlakçılara geri ödənilib.
Bunu AzVision.az -a açıqlamasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti şöbə müdiri Roman Qaraşov deyib. Onun sözlərinə görə, şikayətlərin əksəriyyəti elektronika məhsullarının satışı, dəyişdirilmə və qaytarılma qaydalarının pozulması və onlarda qüsurların olması ilə əlaqədardır:
“Ümumilikdə, elektron ticarətlə əlaqəli şikayətlərin sayında atım müşahidə olunur. Xüsusilə xaricdə məhsulların çatdırılması, istərsə də elektron platformalardan edilən sifarişlərdə problemlər olur. Məsələn, saytda həmin məhsulların anbarda olduğu bildirilir və sifariş qəbul edirlər. Sonra istehlakçının istədiyi parametrlərdə məhsul olmadığı bildirilir. Bu da təbii ki, istehlakçıların narazılığına səbəb olur və onlar bizə müraciət edir”.

R.Qaraşov bildirib ki, ən çox şikayət endirimli malların dəyişdirilməsi ilə bağlıdır: “Hər il bu səpkidə çoxlu şikayət daxil olur. Sahibkarlar bildirir ki, məhsul endirimdə olduğu üçün qaytarılmır. Lakin bu əsasla imtina edilməsi artıq dəyişmə və qaytarılma qaydalarının pozulmasıdır. Buna görə, sahibkarlar 600 manatdan 900 manata qədər cərimə oluna bilər. Onlar üçün cəza şərtləri bir qədər sərtləşdirilib”.

Şöbə müdiri ötən il istehlakçıların hüquqlarının pozulması ilə bağlı onlara 5177 müraciətin daxil olduğunu qeyd edib. Şikayətlər əsasında 349 533 manat vəsait istehlakçılara qaytarılıb, 43 188 manat dəyərində dəymiş ziyan ödənilib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti