Direktor ilə şirkət arasında münasibətlər əmək münasibətidirmi?

   Direktor ilə şirkət arasında münasibətlər əmək münasibətidirmi?
  10 May 2022    Oxunub:3448
Hüquqi şəxslər fəaliyyət qabiliyyətinə sahib olan şəxslər kimi, insana məxsus xüsusiyyətlər istisna olmaqla öz hərəkətləri ilə bütün hüquq və öhdəliklərə sahib ola, bu hüquqları istifadə edə və onlar üzərində sərəncam verə bilirlər.
Mücərrəd bir varlıq olduqlarından hüquqi şəxslərin iradəsi onların orqanları tərəfindən həyata keçirilir. Kommersiya hüquqi şəxsləri sayılan şirkətlər üçün də bu qayda keçərlidir. Şirkətin ən önəmli orqanlarından biri də icra orqanıdır və Azərbaycan praktikasında çox vaxt icra orqanında təkbaşçı – direktor təmsil olunur. Şirkətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə təyin olunan direktor, həm şirkətin iştirakçılarından həm də kənar şəxslərin sırasından seçilə bilər. Direktor şirkətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, onu üçüncü şəxslər qarşısında təmsil edir.
Bəs görəsən şirkətlə direktor arasındakı hüquqi münasibətlər hansı müqaviləyə əsasən tənzimlənməlidir?

Praktikada, demək olar ki, bütün şirkətlərdə şirkət ilə direktor arasında əmək müqaviləsi bağlanılır. Əmək müqaviləsinin bu münasibətlərə şamil olunub, oluna bilməməsinə keçməzdən əvvəl şirkətlə direktor arasındakı əmək müqaviləsinə imza atan şəxslər kimliyinə nəzər salaq. Bir tərəfdən şirkətin qanuni təmsilçisi sayılan direktor, digər tərəfdən də işçi kimi direktor əmək müqaviləsinə imza atır. Yəni əmək müqaviləsinə hər iki tərəfdən eyni şəxs imza atmış olur. İşçi-direktor, şirkətin qanuni təmsilçisi-direktora ərizə yazır ki, işə qəbul edilsin, qanuni təmsilçi-direktor da işçi-direktorun işə qəbul edilməsi barədə əmri imzalayır. Absurd səslənir, ancaq bu günki reallıq bundan ibarətdir. Bu praktika Mülki Məcəllənin 359.3-cü maddəsinə ziddir. Həmin maddəyə əsasən, “təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz”. Bu o mənaya gəlir ki, direktor şirkətin qanuni təmsiçisi olduğundan özü ilə hər hansı bir müqavilə, o cümlədən əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik deyil. Qeyd olunan maddənin məqsədi ondan ibarətdir ki, təmsilçi təmsil edilən adından özü barəsində bir müqavilə bağlamaqla şəxsi mənafeyini ön plana qoymasın, təmsil etdiyi şəxsin mənafeyini zədələməsin. Bu həm də direktorun Mülki Məcəllənin 49.3-cü maddəsi ilə “vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmaq” vəzifəsini yerinə yetirməsi üçün vacibdir. Yuxarıda qeyd etdiyimiz praktika Mülki Məcəllənin 91-2.3-cü maddəsinə də ziddir. Həmin maddəyə görə “məhdud məsuliyyətli cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır”. Bu maddəni qanunun analogiyasını tətbiq etməklə səhmdar cəmiyyətlərinə və kooperativlərə də tətbiq etmək olar. Maddəyə əsasən, şirkət ilə direktor arasındakı müqaviləni şirkət adından ya ümumi yığıncağa sədrlik edən şəxs, ya da ümumi yığıncağın müvəkkil etdiyi şəxs imza atmalıdır. Beləliklə praktikadakı qaydanın qanuna birbaşa zidd olduğunu görürük.

Bəs görəsən şirkətlə direktor arasında əmək müqaviləsinin bağlanılması doğrudurmu? Başqa sözlə şirkətlə direktor arasındakı hüquqi münasibətlər əmək münasibətidirmi? Xeyr. Onlar arasındakı münasibətlər əmək münasibəti deyil, mülki münasibətdir. Çünki şirkətlə direktor arasındakı münasibətlər Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəlləylə tənzimlənir. Mülki Məcəllənin 91.3.-cü 107.1.3.-cü maddələrinə əsasən, müvafiq olaraq məhdud məsuliyyətli və səhmdar cəmiyyətlərin icra orqanlarını (direktor şirkətin icra orqanıdır) yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Mülki Məcəllənin 91-2.1.-ci maddəsinə görə, “məhdud məsuliyyətli cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir”. Həmin Məcəllənin 91.1-ci maddəsinin 4-cü cümləsinə görə, “məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır.” Bu maddələrin dediyi kimi, direktorun, şirkətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə vəzifəyə təyin edilməsi, ümumi yığıncağın təlimatları ilə çalışması, ümumi yığıncağa (varsa müşahidə şurasına da) hesabat verməsi onu göstərir ki, şirkətlə direktor arasındakı münasibətlər əmək deyil, mülki münasibətdir. Bundan başqa direktorun səlahiyyətinə xitam vermək də Mülki Məcəllə ilə ümumi yığıncağın müstəsna səlahiyyətində olan məsələdir. Yəni, ümumi yığıncaq tərəfindən direktorun səlahiyyətinə xitam verilərkən, Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulduğu kimi xitamın zəruriliyini əsaslandırmağa ehtiyac yoxdur. Direktorun şirkətə vurduğu zərərə görə məsuliyyəti də Mülki Məcəllə ilə (49.4) tənzimlənir. Əgər direktoru işçi saysaq, o zaman Əmək Məcəlləsinin müddəalarını əsas almalı olan direktor şirkət adından özü ilə əmək müqaviləsi bağlamalı, bu əmək müqaviləsinə xitam verməli, özünü intizam məsuliyyətinə cəlb etməli, özü ilə bağlı digər əmrlər (sərəncamlar) verməli, özündən öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etməlidir. Bu isə hüquqi baxımdan mümkün deyil. Bütün bu qeyd olunanlar bizə onu deməyə əsas verir ki, direktorla şirkət arasında münasibətlər əmək münasibəti deyil və onlar arasında əmək müqaviləsinin bağlanılması hüquqi cəhətdən yolverilməzdir.

Şirkətlə direktor arasında münasibətlər əslində tapşırıq münasibətidir. Belə ki, direktor (tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs) muzd qarşılığında şirkətin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Buna görə də şirkətlə direktor arasında Mülki Məcəllənin 41-ci fəslində tənzimlənən tapşırıq müqaviləsinin bağlanılması məqsədə uyğundur.

Hüquqşünas Araz İsmayılov

AzVision.az




Teqlər: Direktor   Əmək-müqaviləsi  





Xəbər lenti