"Bizə gülürdülər, indi isə bizi təqlid edirlər” - Paşinyan

 "Bizə gülürdülər, indi isə bizi təqlid edirlər” -  Paşinyan
  04 May 2022    Oxunub:1526
"Müxalifət 2018-ci il inqilabına güldü, indi də onu təqlid edir". AzVision.az xəbər verir ki, bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Vaaqn Aleksanyanın sualını cavablandırarkən deyib.
Paşinyan qeyd edib ki, indiki müxalifət hakimiyyətdə olarkən “məxməri inqilab”ın ayaq yürüşlərini məsxərəyə qoyub, indi rayonlardan İrəvana qədər belə yürüşlər keçirirlər.

"Onlar o vaxt etirazçıların geyindiyi bel çantalarına gülürdülər, amma indi şəhər mağazalarında kürək çantaları ikiqat bahalaşıb. Yəqin ki, satıcılar yeni müştərilərin pula ehtiyacının olmadığını görüblər", - baş nazir bildirib.

Paşinyan zarafatla bildirib ki, tezliklə sahibsiz itlərə tələbat artacaq:

"2018-ci ilki yürüşümüzdə bizi İrəvana qədər it müşayiət edirdi. İndi isə it hazırki müxalifətçilərlə getməli olacaq".

Paşinyan xəbərdarlıq edib ki, demokratiya dövlətin zəifliyi demək deyil və kritik pozuntular baş verərsə, dövlət aparatı bu pozuntuların qarşısını almaq üçün bütün ciddiliyi ilə hərəkət edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti