Sürücülərin nəzərinə: Abutalıbov sərəncam verdi

Sürücülərin nəzərinə: Abutalıbov sərəncam verdi
  17 Aprel 2014    Oxunub:1069
Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakıda avtodayanacaqların təşkili haqqında" müvafiq sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar (sərnişin daşıyan nəqliyyat vasitələrinin təyin olunmuş duracaqları istisna olmaqla) ləğv edilsin.

Sərəncamda bildirilir ki, tabeçiliyindən asılı olmayaraq, qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçirilsin.

Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırır ki, Daxili İşlər Nazirliyinin Dövlət yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı ərazisində duracaqların təşkili üçün yol hərəkətinin təhlükəsizliyi, ictimai təhlükəsizlik tədbirlərinə cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti "Duracaq"lar yaradılmasını təşkil etsin.

Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi yaradılacaq duracaq ərazilərinin nişanlanması və duracaqların müvafiq (tariflər və vaxtı göstərən) məlumat lövhələri ilə təmin edilməsini, duracaq işinin nizamlanması həyata keçirməlidir.

Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi durmanın səmərəli təşkili və qanunsuz durmanın qarşısının effektli alınmasının təmin edilməsi məqsədilə təşkil ediləcək yeni duracaqlarda İntellektual Nəqliyyat Sisitemində mövcud olan yeni avadanlıqlar və texniki imkanlardan istifadə etməklə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq etməlidir.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin duracaqlara nəzarət məqsədi ilə quraşdırılmış mövcud texniki-müşahidə vasitələrinin (kameraların) görüntülərindən və digər texniki imkanlarından istifadəsinə şərait yaratmalıdır. Pullu duracaqlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarının müəyyən edilməsi və hazırlanmasını Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi təmin etməlidir.

Sərəncamda qeyd edilir ki, Daxili İşlər Nazirliyinə müraciət olunmalıdır ki, Bakı şəhəri ərazisində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı Şəhər Baş Polis idarəsinə müvafiq göstərişlər və tapşırıqlar versin.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitələrinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün "Nəqliyyat Vasitələrinin Qeydiyyatı" bazasından istifadə etməyə müvafiq şərait yaratmalıdır. DİN sərəncamdan irəli gələn məsələlərin həlli və avtonəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsi istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə lazım olan köməklik göstərilməsini təmin etməlidir.

Qeyd edək ki, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev paytaxtda maşınların parkinqindən narazı olduğunu və dünyanın heç bir şəhərində belə bir şeyin olmadığını bildirmişdi:

“Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti