Cüdo Federasiyasından zəhərlənmə ilə bağlı məlumat
“Təlim məşq toplanışı təşkil edilərkən Azərbaycan Cüdo Federasiyası tərəfindən Göygöl Olimpiya İdman Kompleksinin seçilməsi təsadüfi deyil. İndiyə qədər Azərbaycan Cüdo Federasiyası adıçəkilən idman kompleksində dəfələrlə müxtəlif yaş qrupları üçün təlim məşq toplanışları və yarışlar təşkil edib və göstərilən xidmət həmişə yüksək səviyyədə olub.
Təlim məşq prosesi zamanı bəzi idmançılar özlərini pis hiss etdiklərindən onlar müayinə üçün Göygöl rayon xəstəxanasına aparılıblar və onlara ilkin tibbi yardım göstərildikdən və hərtərəfli müayinə göstərildikdən sonra idmançılar yenidən Göygöl Olimpiya İdman Kompleksinə qayıdıblar. Həmçinin, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib.
Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini davam etdirilər. Eyni zamanda, qeyd etməliyik ki, Göygöl Olimpiya İdman Kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir.
İdmançılarımızın sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Cüdo Federasiyasının ən ümdə vəzifələrindəndir və biz bu məsələyə ən ciddi şəkildə yanaşırıq. Bununla əlaqədar olaraq, məsələnin tam araşdırılması və idmançıların özlərini pis hiss etmələrinin səbəblərinin müəyyən edilməsi üçün Federasiya dövlət orqanları ilə əməkdaşlıq edir. Sözügedən məsələ ilə bağlı əlavə məlumatlar olduğu halda ictimaiyyəti məlumatlandıracağıq”, - qeyd olunub.
AzVision.az
Teqlər: Cüdo