Maskın "Tvitter"i alması kriptovalyutaları bahalaşdırdı - Maraqlı səbəb

Maskın "Tvitter"i alması kriptovalyutaları bahalaşdırdı - Maraqlı səbəb
  26 Aprel 2022    Oxunub:1324
İlon Maskın "Tvitter"i alması kriptovalyutalara da təsiri göstərib. Belə ki, enişdə olan kriptovalyutalarda yüksəliş qeydə alınıb.
AzVision.az xəbər verir ki, kriptovalyutalar, xüsusilə Bitcoin Amerika Mərkəzi Bankının (FED) sədri Cerom Pauellin ötən cümə axşamı verdiyi açıqlamalarda sonra ucuzlaşmışdı. Pauell mayın 3-4-də keçiriləcək iclasında faiz dərəcələrində 50 baza bəndlik artımın "masanın üzərində" olduğunu söyləmişdi. O, hazırda inflyasiya çox yüksək olduğuna görə sərtləşmədə bir az daha sürətli hərəkət etməyin məqsədəuyğun olduğunu qeyd edib.

Bu açıqlamadan əvvəl 43.000 dollar qiymətləndirilən Bitcoin 39.000 dollara qədər düşdü. Ancaq Amerikalı milyarder İlon Maskın "Tvitter"i alması ilə bağlı xəbərlər yayılmamışdan əvvəl 38.400 dollar ətrafından yüksəlməyə başladı və səhərə kimi 40.600 dollara çatdı. Gündəlik artım 4 faizə çatıb. Eyni qaydada "Ethereum" da 5,5 faiz dəyər qazanaraq, 3000 dolları keçib. "Binance Coin" 3 faiz, "Solana" 4 faiz, "Ripple" 3,1 faiz, "Terra" 6,2 faiz, "Cardano" 3,5 faiz bahalaşıb.

Ən kəskin yüksəliş "Dogecoin"də yaşanıb. "Tvitter"in alınmasından əvvəl 0,12 dollar olan "Dogecoin" dünən 0,16 dolları keçdi. Bu gün qazanc satışı ilə 0,1570-ə düşsə də, gündəlik artımı 23 faizi keçib.

Məlumdur ki, İlon Mask son bir neçə ildə kriptovalyutalar və blokçeyn texnologiyaları ilə maraqlanır. "Tesla" və "SpaceX"-in rəhbəri "Tvitter"də kriptovalyutalara dəstəyini tez-tez nümayiş etdirirdi. "Tesla" keçən il 1,5 milyard dollar dəyərində "Bitcoin" almışdı. Sözügedən bitkoinlərin dəyəri 2021-ci ilin sonuna kimi 1,9 milyard dollara yüksəlmişdi. Bir ara "Tesla" hətta məhsullarını Bitcoin ilə satmağa başladı. Ancaq, Bitcoin mədənçiliyinin ətraf mühitə mənfi təsirləri səbəbindən bu qərarı daha sonra ləğv edilmişdi.

İndi isə "Twitter"in kriptovalyutalarla daha isti münasibət quracağı gözlənilir. Bu, "Tesla"da olduğu kimi, "Bitcoin"i şirkətin balansına əlavə etməklə və yaxud platformada kriptovalyutalarla ödəniş imkanlarını genişləndirməklə ola bilər.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti