“İlham Əliyev Türkiyənin “CNN Türk” kanalı vasitəsilə Ermənistana, Rusiyaya mesajlarını göndərməyi lazım bildi. Bu kanal müharibə zamanı da Azərbaycanın dünyaya açılan əsas pəncərələrindən idi. İlham Əliyev mesajları üçün həm də ona görə Türkiyənin məşhur kanalını seçdi ki, Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir daha vurğulasın. İlham Əliyevin müsahibə zamanı Türkiyəyə də mesajı oldu.
Birincisi, Prezident keçmiş illərdən fərqli olaraq Rusiyanı “strateji tərəfdaş” kimi deyil, sadəcə qonşu olaraq adlandırdı və həmin qonşunun Ermənistanı silahlandırmağa davam etdiyini anlamadığını bildirdi. Azərbaycan Prezidenti sadə məntiqə toxunaraq demək istədi ki, 30 ildir Ermənistanı silahlandırdınız, nəyə nail oldunuz? Sizin Ermənistana verdiyiniz hərbi texnika məhv edildi və bu gün Bakının mərkəzində Hərbi Qənimətlər Parkında sərgilənir. İlham Əliyev onu da Kremlə xatırlatdı ki, Rusiya bundan sonra da Ermənistana pulsuz silah və hərbi texnika göndərsə, nəticə dəyişməyəcək və hərbi üstünlük yenə Azərbaycanın tərəfində olacaq. Azərbaycanın artan hərbi büdcəsi və aldığı modern silahlar da bundan xəbər verir”.
Politoloq deyir ki, Kremlin Azərbaycan Prezidentinin xəbərdarlığını nəzərə alaraq Ermənistanı silahlandırmadan vaz keçəcəyini söyləmək mümkün deyil. Rusiya Ermənistanı məhz ona görə silahlandırmaqda davam edəcək ki, bu ölkə Azərbaycan qarşısında tam gücsüz vəziyyətə düşməsin:
|
| Prezidentin “CNN Türk”ə müsahibəsi - TAM MƏTN |
Elxan Şahinoğlu Prezidentin minalanmış xəritələrin cəmi 25 faizinin doğru olmasına dair mesajını da diqqətçəkən amil kimi qiymətləndirib. Onun sözlərinə görə, bu da Kremlə mesajdır ki, sizin vasitəçiliyinizi qəbul edib terrorçuları Ermənistana təhvil verdik və əvəzində xəritələrin bir qismini əldə etdik. Ancaq bəlli oldu ki, xəritələr reallığı əks etdirmir . Demək Kremlin bu istiqamətdəki vasitəçiliyi də işə yaramadı:
“İlham Əliyev Laçın dəhlizi və Qarabağda nəzarətsiz qalan ərazilər barədə də fikir bildirməliydi. Çünki, Azərbaycan cəmiyyətində ən çox iki sual da gündəmdədir: Azərbaycan ordusu Laçın dəhlizini nəzarət altına alacaqmı və Qarabağdakı erməni separatçılarının tərksilah olunması planlaşdırılırmı? Azərbaycan Prezidenti bu məsələlərə belə aydınlıq gətirdi ki, Laçın dəhlizindən nəyin daxil olduğunu, nəyin çıxdığını dəqiq bilirik, Qarabağdakı ermənilər isə, Azərbaycan qanunlarına tabe olub Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar. İndiki şərtlər altında Qarabağda yaşayan ermənilərin öz istəkləri ilə Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaqlarını söyləmək çətindir. Qarabağda belə düşünən ermənilər olsa belə, onlar həyatlarını riskə atıb bu haqda açıq danışmayacaqlar. Çünki başları üzərində silahlı separatçıları və Qarabağın Azərbaycana tabe olmasını əngəlləyən rusiyalı hərbçilər var. Qarabağ erməniləri silahlı separatçılardan və Rusiyanın himayəsindən qurtulduqdan sonra Azərbaycan qanunları ilə yaşamağa hazır ola bilərlər”.
Politoloq onu da vurğulayıb ki, Prezident İlham Əliyev Ermənistan, erməni separatizmi və Rusiya haqqında fikirlərini belə yekunlaşdırıb ki, bölgədə müharibə və ya anti-terror əməliyyatları istisna deyil və bəlkə də yaxın zamanlarda zərurətə çevriləcək. Bunu Prezidentin müsahibə zamanı işlətdiyi cümlələr də göstərirr: “Biz qabaqlayıcı tədbirlər görəcəyik”, “erməni faşizmi baş qaldırmağa cəhd edərsə, biz onun başını bir daha əzəcəyik”, “İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlara dərs olmayıb” və “yeni hədəfimiz qələbəni və zəfəri möhkəmləndirməkdir”.
“Prezident müsahibədə yeni format təşəbbüsünü də irəli sürdü: “Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq”. O bu cümlə ilə Rusiyanın müdaxiləsi olmadan Ümumqafqaz evinin qurulması gərəkliyinə işarə edib. Misal üçün, Nikol Paşinyan İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. Bu görüşün Gürcüstan prezidentinin vasitəçiliyi ilə Tiflisdə keçirilməsi Ümumqafqaz evinin yaradılması baxımından ilk addım ola bilər.
İlham Əliyev müsahibədə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir neçə dəfə vurğuladı, Şuşa bəyannaməsinin müttəfiqliyin zirvə nöqtəsi olduğunu xatırlatdı. Ancaq Prezident Türkiyə haqqında danışarkən ilk dəfə müttəfiqliyə təhlükənin varlığı haqqında da fikir söylədi: “Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın”.
İlham Əliyev haqlıdır. Azərbaycan müstəqilliyi qazandıqdan bu yana Türkiyə ilə münasibətləri gərginləşdirmək istəyənlər hər zaman olub. Onlar həm kənarda, həm də içəridədirlər”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


