İntiqam Nəbiyev küçəsi təmir edilir

İntiqam Nəbiyev küçəsi təmir edilir
  17 İyun 2021    Oxunub:1700
Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonunda da həyata keçirilir.

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq hazırda Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 1200 metr olan İntiqam Nəbiyev küçəsində təmir işləri aparılır.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Artıq yol əsası hazır olan hissələrə "İnşaat Norma və Qaydaları"na uyğun olaraq küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Qeyd edək ki, cari ildə qəsəbə üzrə 600 metr uzunluğa malik 1A massivi küçəsində də təmir-bərpa işlərinin icrası nəzərdə tutulur.

Ümumiyyətlə isə 2021-ci ildə Qaradağ rayonunun Korgöz, Ələt və Lökbatan qəsəbələrində ümumi uzunluğu 6,5 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur ki, artıq Korgöz qəsəbəsində hər biri 500 metr uzunluğa malik 25-ci və 29-cu, həmçinin uzunluğu 300 metr olan 30-cu Korgöz küçələrinin yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.



Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Qaradağ rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 27 km olan 30-a yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.



Azvision.az




Teqlər:





Xəbər lenti