Birinci sinfə göndərilən uşaq qəsdən dolaşdırılır? - Təhsil Nazirliyi valideynin iddiasına cavab verdi

  17 İyun 2021    Oxunub :3057
  Birinci sinfə göndərilən uşaq qəsdən dolaşdırılır?  - Təhsil Nazirliyi valideynin iddiasına cavab verdi
Sabirabad rayonunda rus dilində təhsil almaq üçün övladını I sinifə göndərən valideyn oğlundan götürülən distant müsahibədən və ona imtina cavabı verilməsindən narazıdır.
Azvision.az -a müraciət edən Nigar Əliyeva 2021-2022-ci tədris ili üçün övladının sənədlərini Sabribad şəhəri 2 nömrəli məktəbin rus bölməsi üzrə I sinifinə təqdim edib. Vaxt təyin edildikdən sonra 6 yaşlı Əbülfəz Əliyevdən rus dili üzrə distant formada müsahibə götürülüb:

“Övladım onların verdiyi bütün suallara yaxşı cavab verib. Lakin bəzi çaşdırıcı suallara uşaq cavab verməyib. Belə ki, oğlumdan valideynlərinin harada işlədiyi soruşulub. Oğlum anasının gözəllik salonunda işlədiyini deyib. Nə işlədiyini soruşanda isə cavab verə bilməyib. Çünki, mənim qaş ustası olduğumu bilmir. Buna görə kəsiblər. Oğlum komissiyada olan şəxslərin suallarını anlayıb, dediklərini başa düşüb və cavab verib. Ən azından 2 illik pandemiya dövrü nəzərə alınmalı idi və imtina cavabı verilməməli idi. Mənim oğlum rus dilində danışanları başa düşür və cavab verə bilir”.

Təhsil Nazirliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı təşkil olunan onlayn müsahibələrdə övladı Əbülfəz Əliyevin qiymətləndirilməsindən valideynin narazı olması və müsahibələrdə uşaqlara verilən sualların məzmun baxımdan düzgün olmaması ilə bağlı müraciətə baxılıb.

“Bildiririk ki, tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı təşkil olunan müsahibələrdə uşaqların qiymətləndirilməsi qeyd olunan meyarlar əsasında aparılır:

- Dinlədiyini anlayır;
- Ünsiyyət qurur;
- Öz fikrini sadə formada bildirə bilir;
- Adətən söz və söz birləşmələrinin tələffüzünü düzgün edir;
- Özü və ailəsi haqqında qısa məlumat verir.

Meyarlar üzrə qiymətləndirilmənin aparılması və uşağın rus dilini bilmə səviyyəsinin öyrənilməsi üçün müsahibə komissiyasının üzvləri tərəfindən müxtəlif məzmunda suallar verilir ki, həmin sualların verilməsində əsas məqsəd meyarların qiymətləndirilməsi üçün mövzu ətrafında uşağın danışdırılmasıdır.

Müsahibə zamanı verilən suallara uşaqlar səhv cavab verdikdə və ya cavab vermədikdə həmin suallarla bağlı namizədə qiymətləndirilmə aparılmır.
Həmçinin bildiririk ki, övladının müsahibə nəticəsindən narazı olan valideynlərin müraciətlərinə uşaqların müsahibəsi zamanı aparılmış video çəkilişlərə baxılmaqla məsələ ilə bağlı yaradılmış komissiya tərəfindən qərar verilir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil   Rus-dili   Tədris  






Xəbər lenti