Əfqan diplomatlara Böyük Qayıdış haqqında məlumat verildi

Əfqan diplomatlara Böyük Qayıdış haqqında məlumat verildi
  17 İyun 2021    Oxunub:776
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ADA Universitetində Əfqanıstandan olan diplomatlar və dövlət qulluqçuları qarşısında “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” adlı mühazirə ilə çıxış edib.
Komitədən Azvision.az -a bildirilib ki, mühazirə universitetin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə birgə həyata keçirdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” ixtisasartırma kursu çərçivəsində təşkil olunub.

Komitə sədrinin müavini diplomatlara Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğal və deportasiya siyasəti, milli-etnik zəmində törətdiyi cinayətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1988-1993-cü illərdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ağır məhrumiyyətlərlə üzləşib. Azərbaycan dövləti onların sosial problemlərinin həllinə xüsusi diqqət yetirib, bu sahədə həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strateji xətti Prezident İlham Əliyev daha da təkmilləşdirərək davam etdirib, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllinə daim xüsusi həssaslıq göstərib. İndiyədək qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir tipli 115 qəsəbə istifadəyə verilib, 300 mindən çox məcburi köçkün yeni mənzillərə köçürülüb. Ötən ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində işğalçı Ermənistan məğlubiyyətə uğrayıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub, həmçinin məcburi köçkünlərin beynəlxalq qanunvericilikdə təsbit olunmuş qayıdış hüququndan istifadə edərək ata-baba yurdlarına geri dönməsi üçün şərait yaranıb. Bunun üçün təhlükəsizlik tədbirlərinin görüldüyü, ərazilərin minalardan təmizləndiyi, infrastruktur layihələrinin icra edildiyi vurğulanıb. Qarabağda Ermənistanın xarabalığa çevirdiyi ərazilərin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl zona” layihələrinin icrasına üstünlük verildiyi qeyd edilib. Bildirilib ki, məcburi köçkünlərin öz yerlərinə könüllülük prinsipi əsasında, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışı üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görəcək və dünya ictimaiyyətinə post-münaqişə qayıdışı və reinteqrasiya üzrə dünyəvi model təqdim edəcək.

Sonda F.Hüseynov dinləyicilərin mövzu ilə əlaqədar suallarını cavablandırıb.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti