Pakistanda prospektə Nizami Gəncəvinin adı verildi - FOTO

Pakistanda prospektə Nizami Gəncəvinin adı verildi -   FOTO
  16 İyun 2021    Oxunub:1474
Azərbaycanın Səfirliyinin təşəbbüsü ilə Pakistanın Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib.
Bu barədə Azvision.az -a Azərbaycanın Pakistandakı Səfirliyindən məlumat verilib. Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən Peşəvər şəhər bələdiyyəsinin baş direktoru Mian Şafiq Ur Rəhman Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib və Nizami Gəncəvi prospektinin açılışının qardaş ölkələr arasındakı əlaqələrin yüksək göstəricisinin bariz nümunəsi olduğunu ifadə edib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu il ölkəmizdə Azərbaycanın böyük şairi, filosofu və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edildiyini bildirərək, dahi şair haqqında geniş məlumatları iştirakçıların diqqətinə təqdim edib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncam imzalayaraq 2021-ci ili Azərbaycanda Nizami Gəncəvi ili elan etdiyini vurğulayaraq, Nizami Gəncəvi ilinin elan edilməsinin, onun nadir poeziyasının araşdırılmasına, öyrənilməsinə və dünyada geniş təbliğinə növbəti böyük töhfə olduğunu qeyd edib.



Səfir həmçinin, Peşəvərin Universitet şəhərciyindəki prospektə Nizami Gəncəvinin adının verilməsinin onun dərin irsinə, eləcə də Pakistan xalqı tərəfindən böyük şair və filosofun təşviq edilməsinə göstərilən əlavə bir töhfə olduğunu ifadə edib. Əli Əlizadə davamlı əməkdaşlıq niyyətinə, dəstəyə və əlaqələrimizin genişləndirilməsində və gücləndirilməsində göstərilən qətiyyətə görə Pakistan hökumətinə və xalqına təşəkkürünü çatdırıb və tarixi Peşəvər şəhərində Nizami Gəncəvi prospektinin açılışının sarsılmaz dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə hər iki ölkənin qətiyyətinin təzahürü olduğunu qonaqların diqqətinə çatdırıb.



Peşəvər əyalətinin Yerli İdarəetmə və Kəndlərin İnkişafı üzrə naziri Əkbər Əyyub Xan öz növbəsində çıxış edərək ilk öncə Vətən Müharibəsində qazanılan zəfər münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Nazir Pakistan və Azərbaycan arasındakı qardaşlıq əlaqələrindən söz açaraq hər iki ölkənin beynəlxalq arenada bir-birini daim dəstəkləməsindən məmnunluğunu bildirib, Azərbaycanın hər zaman Pakistanın yanında olmasını yüksək qiymətləndirib. Əkbər Əyyub Xan həmçinin, Peşəvər şəhərində yeni açılmış Nizami Gəncəvi prospektinin ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənərək möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu ifadə edib və prospektin dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına verilməsi ilə bağlı rəsmi bildiriş sənədini səfir Əli Əlizadəyə təqdim edib.



Tədbirdə çıxış edən Peşəvər şəhərinin komissarının müavini Xalid Xan və Pakistanın Sülh və Diplomatik Araşdırmalar İnstitutunun direktoru Məhəmməd Asif Nur ölkələrimiz arasındakı səmimi münasibətlərə toxunaraq, iki ölkənin xalqları arasındakı möhkəm bağlardan danışıblar. Çıxışçılar Bakı Dövlət Universitetində fəaliyyət göstərən urdu dili departamenti, Azərbaycanda olan Pakistanın görkəmli şairi Məhəmməd İqbalın tədqiqatı mərkəzi və Pakistan ədəbiyyatı mərkəzi, eləcə də Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mütəmadi olaraq həyata keçirilən sosial-humanitar layihələr haqqında fikirlərini bölüşüblər, həyata keçirilən layihələrə görə Fonda, eləcə də ölkəmizin Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını çatdırıblar.

Tədbirdə həmçinin, Azərbaycanın böyük şairi Nizami Gəncəvinin xatirəsinə dualar oxunub və ağac əkilib.

Tədbir zamanı Nizami Gəncəvi haqqında məlumatları və onun əsərlərini özündə əks etdirən kitablar və suvenirlər də qonaqlara təqdim olunub.

Azvision.az


Teqlər: Pakistan   Prospekt  





Xəbər lenti