Şuşa Bəyannaməsində yer alan mühüm məqam

  Şuşa Bəyannaməsində yer alan  mühüm məqam
  16 İyun 2021    Oxunub:5200
Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.
Azvision.az xəbər verir ki, bu müddəalar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində yer alır.

Bəyannaməyə əsasən, Azərbaycan Respublikası və Türkiyə Respublikası Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək. Bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək.

Sənəddə deyilir: “Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər”.

Azvision.az


Teqlər: ŞuşaBəyannaməsi  





Xəbər lenti