BNA və DYP hərəkət iştirakçılarına müraciət etdi

BNA və DYP hərəkət iştirakçılarına müraciət etdi
  14 İyun 2021    Oxunub:1630
Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) birgə məlumat yayıb.
Azvision.az -a daxil olan müraciətdə deyilir ki, artıq iki həftəyə yaxındır Bakı şəhəri müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməkdədir.

Bildirilib ki, 4-6 iyun tarixlərində Formula 1 üzrə Azərbaycan Qran Prisi mükəmməl evsahibliyi ilə reallaşdı. İyunun 12-si tarixində ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

BNA və BŞDYPİ yüksək səviyyəli təşkilatçılıqla yanaşı mötəbər idman tədbirlərinin uğurla keçirilməsində hərəkət iştirakçılarının da nümayiş etdirdiyi anlayışın əhəmiyyətini vurğulayaraq bir daha onlara verdikləri dəstəyə görə təşəkkür ediblər:

"Vətəndaşlarımız müəyyən edilən qaydalara və tövsiyələrə riayət etməklə oyunların, xüsusilə də nəqliyyat tədbirlərinin yüksək səviyyədə reallaşmasına əvvəzsiz dəstək olublar.
Hərəkət iştirakçılarının AVRO-2020 Futbol üzrə Avropa çempionatının 16, 20 iyun və 3 iyul tarixlərində Bakıda keçiriləcək oyunları zamanı da eyni səmimiyyət və anlayış nümayiş etdirəcəklərinə inamımız sonsuzdur.

Xüsusi ilə 16 iyun tarixində Türkiyə-Uels Milli Komandalarının oyunu ilə əlaqədar hərəkət iştirakçılarından müəyyən edilən qaydalara və tövsiyələrə əməl etmələrini xahiş edirik. Qardaş ölkə təmsilçilərinin oyununa marağın böyük olacağını və həmin gün şəhərdə yüksək səviyyəli tədbirlərin keçiriləcəyini nəzərə alaraq hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edirik.

Xahiş edirik ki, ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsindən istifadə etməyin. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspres xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması üçün vacibdir. Həmçinin, avtomobilləri dayanma-durmanın qadağan edildiyi yerlərdə, o cümlədən avtobus dayanacaqlarının ərazisində və avtobus zolaqlarında park etməyin. Onu da nəzərə çatdıraq ki, rahat və fasiləsiz hərəkətə maneə yaradan avtomobillər qanunla müəyyən edilən qaydada təxliyyə olunacaqlar".

Qeyd olunub ki, biletli azarkeşlərin daşınması mövcud nəqliyyat planına əsasən ekspres marşturlarla icra ediləcək.

Azvision.az


Teqlər: BNA   DYP  





Xəbər lenti