“Ərdoğanın Şuşaya səfəri regionda yeni perspektivlər açacaq” - Politoloq

 “Ərdoğanın Şuşaya səfəri regionda yeni perspektivlər açacaq”  -  Politoloq
  14 İyun 2021    Oxunub:1531
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15-16 iyunda Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərində ikitərəfli görüşlər baş tutacaq. Bu görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.
Siyasi ekspertlər Türkiyə liderinin Azərbaycana budəfəki səfərinin tarixi əhəmiyyət daşıdığını bildirirlər.

Ərdoğanın Şuşaya səfərinin əhəmiyyətini Azvision.az –a şərh edən politoloq Tofiq Abbasov deyib ki, Qarabağda imzalanacaq yeni sənədlər bölgədə formalaşan yeni əməkdaşlıq formatını daha da gücləndirəcək:

“Türkiyə liderinin Azərbaycana gəlişi sözün həqiqi mənasında tarixi səfər olacaq. Artıq Azərbaycanın Vətən müharibəsindəki zəfəri yalnız bizim deyil, dünya tarixinə həkk olunub. Bu haqq davamızda bizi çoxsaylı tərəfdaş və dost ölkələr dəstəklədilər ki, qələbədə məhz Türkiyənin daha çox böyük mənəvi köməyi oldu. Biz bunu yüksək dəyərləndiririk. Erməni faşizminin başını əzərkən qardaş ölkənin siyasi və hərbi sferada göstərdiyi dəstəyi unutmayacağıq. Biz İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq aləmə aşkar şəkildə bəyan etdik ki, əgər hər hansı bir qüvvə dünyanın yeni nizamını düzənləməkdə beynəlxalq hüquq normalarını ayaq altına qoya bilirsə, bununla barışmaq olmaz. Əksinə, beynəlxalq hüquqdan irəli gələn normaları üstün tutmaq lazımdır. Belə olduğu halda yeni nizam ümidverici formada özünü təsdiqləyə biləcək. Bu baxımdan, belə ağır prosesdə, müəyyən siyasi güclərə qarşı addımlamağımızda bizə mənəvi güc verən Türkiyə xalqı, onun siyasi rəhbərliyi oldu. Ankara ilə Bakı əl-ələ verərək bir çox proseslərin öhdəsindən gələ bildi. İndi isə çalışırıq Qafqaz bölgəsində yeni bir reallığın formalaşmasını təsdiqləyək”.



Politoloqun fikrincə, erməni təcavüzü qüvvədə olduğu vaxtlarda Azərbaycan regionda bir çox qlobal layihələrin öhdəsindən gələ bilmişdi. Təkcə Azərbaycan və Türkiyə deyil, Gürcüstan və bir çox tərəfdaş ölkələr də bu mühüm layihələrdən bəhrələndilər:

“Ən azı elə Cənubi Qaz Dəhlizinə baxsaq burada ondan artıq ölkənin marağının olmasını görərik. İndiki halda bilirik ki, bu, hələ son deyil. Cənubi Qafqazın böyük potensialı var. Kommunikasiya proseslərindən tutmuş, yeni tranzit xətlərinin yaranması, daha cəlbedici işgüzar mühitin formalaşmasına qədər xeyli perspektivlər açılıb. Bu proseslərdə öncül qüvvələrdən biri də sabah mühüm sazişlər imzalayacaq Azərbaycan və Türkiyədir. Bu cür yaxınlaşmalarla üçüncü, dördüncü tərəflərə heç bir təhdidimiz, təhlükəmiz də yoxdur. Əksinə, biz Türkiyə liderinin iştirakı ilə regiondakı əməkdaşlıq şəraitini böyüdür, genişləndiririk. Bu siyasi proseslərdə hər kəs sağlam ruhla iştirak edərsə, sonda hamıya yaxşı pay düşəcək. Belə təklif və aktivlikdən, inciməzlər, əksinə dəstək verərlər. Düzdür, indi aqressiv görünən Ermənistan hələ ortalıqda başı pozuq şəkildə regiondakı əməkdaşlıq perspektivlərinə süni maneələr yaratmağa çalışır. Ancaq bu da müvəqqətidir. Əgər İrəvan elə bilirsə ki, guya Azərbaycanla Türkiyə onların hər hansı bir “pay”ını əlindən almağa hazırlaşır, o zaman çox böyük səhvə yol verir. Çünki birincisi, Ermənistan özünün subyektivliyini demək olar ki, itirmiş bir məmləkətə çevrilib. O gərək özü öz başına çarə qıla bilsin. Azərbaycanla Türkiyə bu işdə ona kömək etməyə hazırdır. Biz aylarla Türkiyə ilə birgə regionda yeni, perspektivli əməkdaşlıq platforması haqqında danışarkən İrəvana bildirirdik ki, onlar gərək ilk növbədə iddialarından əl çəksinlər, bu zaman sağlam, sabit rejimə köklənərlər. Bundan sonra isə Ankara və Bakı ilə əməkdaşlıq edərək dirçələ bilərlər”.

Tofiq Abbasovun sözlərinə görə, Azərbaycanla Türkiyə müharibədən sonra regional proseslərdə özlərini düzgün tərzdə ifadə edə bilirlər. Hər iki dövlət çox optimal əməkdaşlıq platformalarını formalaşdıra bilib, yeni siyasi paradiqmalar reallaşdırırlar:

“Cənubi Qafqaz ümumilikdə cazibəli olduğu qədər çox böyük potensiala malikdir. Bu potensialdan gərək düzgün yararlanaq. Bu mənada yeni əməkdaşlıq layihələri meydana çıxıb ki, hazırda Türkiyə liderinin tarixi Azərbaycan səfəri bu layihələrə rəng qatacaq, inteqrasiya proqramlarından hər kəsin bəhrələnməsinə şərait yaradacaq. Əlbəttə bütün bunlar açıq qapılar anlamına da gəlir. Həm Azərbaycan, həm də Türkiyə açıq qapı diplomatiyasını yürüdürlər. Ola bilsin ki, hər hansı dördüncü ölkə bu siyasətdən ehtiyatlansın. Bu artıq bizim problem deyil. Bir sözlə, regionda yeni şaxələnmə imkanları yaranıb ki, Türkiyə-Azərbaycan əməkdaşlığının sıxlaşması bu imkanları genişləndirir. Dünya çapında görürük ki, bir çox ölkələrdə iqtisadiyyat, ərzaq, yükdaşımalarla bağlı ciddi problemlər var. Biz isə elə bir mühit formalaşdırırıq ki, nəqliyyat kommunikasiyaları fəaliyyət göstərir, yeni istehsal gücləri işə düşür, innovativ potensial formalaşır. İşğaldan azad edilmiş torpaqlarda ağıllı kənd və qəsəbələr qurur, yaşıl enerji layihələri həyata keçiririk.

Yeri gəlmişkən, bu quruculuq işlərində belə Türkiyənin böyük iştirakı var. Bütün bu əməkdaşlıqların hamısı bu günün və gələcəyin tələblərindən irəli gələn normalardır. Azərbaycanla Türkiyə sadalanan proseslərin hamısında uğurlu görünərək, öz gücünü toparlayaraq yeni bir model ortaya qoya bildi. Bu modelin bizim həyatımızda xüsusi yeri olacaq. Yeni model gələcəkdə də özünün çoxtərəfli üstünlüklərini nümayiş etdirəcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ərdoğan   Səfər   Cənubi-Qafqaz   Türkiyə  





Xəbər lenti