“Ən çox mina “Ohanyan xətti” boyunca basdırılıb” - Mütəxəssis

  14 İyun 2021    Oxunub :655
 “Ən çox mina “Ohanyan xətti” boyunca basdırılıb” -  Mütəxəssis
“Ağdamın mina xəritələrinin əldə edilməsi ən azından külli miqdarda vəsaitə qənaət olunmasına səbəb olacaq. Digər tərəfdən Azərbaycan bununla bərpa işlərində xeyli vaxt qazancı əldə etdi”.
Bunu Azvision.az –a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. O bildirib ki, minalanmış torpaqların təmizlənməsi bahalı proses olmaqla yanaşı, bir o qədər də xeyli vaxt aparan işdir:

“Hazırda bizim üçün vaxt amili çox önəmlidir. Azərbaycanın indiki situasiyasında bərpa işləri minalara görə uzanmamalıdır. Ölkəmiz regionda çox böyük layihələr reallaşdırır, genişmiqyaslı infrastruktur işləri həyata keçirilir. Bir sözlə, işğaldan azad olunmuş ərazilərin tez bir zamanda bərpası və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün çalışırıq. Cənab Prezidentin sayəsində əldə edilən bu xəritələr yalnız diplomatik qələbə deyil, sadaladığımız proseslərlə bağlı da çox böyük nailiyyət və irəliləyiş sayıla bilər”.

Hafiz Səfixanovun fikrincə, ermənilərin məcbur olub ortaya çıxardıqları mina xəritəsi sayəsində Ağdamda nə qədər maliyyə vəsaitinə qənaət edə biləcəyimizi konkret rəqəmlərlə ifadə etmək çətindir. Amma bu xəritələrin üzə çıxması digər rayonların mina sənədlərinin də gizlədilməsini təsdiqləmiş oldu:

“Konkret demək mümkün deyil ki, Azərbaycan Ağdamda neçə yüz min və ya milyon manat irəli düşdü. Amma burada söhbət böyük məbləğlərdən gedir və tezliklə Ağdamda quruculuq işlərində xeyli irəliləyişin şahidi olacağıq. Belə hesab edirəm ki, ən çox mina ermənilərin keçilməz sədd hesab etdikləri “Ohanyan xətti” boyunca basdırılıb. Bu da həm xəritəsi üzə çıxan Ağdamı, Tərtərlə Cəbrayılın müəyyən hissəsini, həm də Füzuli rayonunu əhatə edir. Bu, səhv etmirəmsə, 280 kilometrlik bir ərazi sayılır. Amma belə hesab olunur və mütəxəssislər də deyirlər ki, ən çox minalarla çirkləndirilmiş torpaq Ağdam ərazisinə düşür. Yəni bu istiqamətdə ərazilərimiz minalardan daha çox zərər çəkib. Bu, o demək deyil ki, digər rayonlarda Ağdamdan az mina tapılacaq. Çünki qarşımızda amansız düşmənin basdırdığı böyük minalı bölgə dayanır. Həmin ərazilərdə hələ ki, minalarla bağlı tədqiqatlar aparılmayıb”.

Mütəxəssis vurğulayıb ki, rəhbəri olduğu təşkilat ilk gündən minalı ərazilərin xəritələrinin olmaması ilə bağlı iddiaları yalanlayıb:

“Bu qeyri-real bir məsələdir. Belə iddianı yalnız erməni tərəfi ortaya atmırdı, bizim cəmiyyətdə də pessimist nota yüklənənlər az deyildi ki, Qarabağ torpaqları ilə bağlı bəlkə də mina xəritəsi yoxdur. Mən təşkilat rəhbəri olaraq ilk günlərdən bildirirdim ki, elə ərazilər ola bilər burada xəritə tutulmasın. Bu həmin torpaqlardır ki, Birinci Qarabağ döyüşləri zamanı müəyyən müddətdə bir neçə dəfə əldən-ələ keçmişdi. Bundan başqa, 44 günlük müharibə zamanı erməni qoşunları surətlə geri çəkilməyə başlayanda onlar xaotik şəkildə minaları atıb gedirdilər. Basdırmağa belə ehtiyac yaranmırdı. Məsələn, Kəlbəcərlə bağlı məşhur bir foto yayılmışdı. Qar əriyəndən sonra pərakəndə səpilmiş minalar üzə çıxmışdı. Ola bilsin ki, bu zonalarda xəritə olmasın. Ermənilər kapitulyasiya aktından sonra arxayın şəkildə torpaqlarımızı tərk edərkən yalnız əl ilə mina basdırmayıblar. Onlar mina düzən xüsusi avtomobillərdən də istifadə ediblər. Həmin maşının biri hazırda Hərbi Qənimətlər Parkımızda “yatır”. Şanlı əsgərlərimiz onu da məhv ediblər. Belə hərbi avtomobildən birini şəxsən özüm Füzulinin Əbdürrəhmanlı kəndində görmüşəm.

Amma 94-cü ildən əllərində saxladıqları torpaqların mütləq xəritələrini tutublar. Çünki bu hərb elminin qanunudur. Ermənistan hələ ki, Sovet hərb elmindən yararlanır. Sovet hərb elmində isə, minalı ərazilərin nəinki xəritələri tərtib olunur, həm də formaları tərtib olunur. Həmin sənəd özü də üç nüsxədə dərc edilir. Ola bilsin ki, bunun biri itsin. Bu, o demək deyil ki, ümumilikdə xəritə itib, ortalığa çıxarıla bilməz. Bir sözlə, Ermənistanın indiyə kimi danışdığı yalanlara, bəhanələrə baxmayaraq, ərazilərimizin hamısının xəritəsi mövcuddur. Ağdam bunu bir daha sübut etdi. Mina məsələlərinin üzərinə bundan sonra da getmək lazımdır, dayanmaq olmaz”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Mina   Xəritə   Ağdam  






Xəbər lenti